Elman Rüstəmov: Banklarda əhalinin ala biləcəyi qədər vəsait var

Elman Rüstəmov

Ekspert isə azı dörd bankda dollar satışı olmadığını bildirir

"Bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilsin ki, bəzi bankların resursları valyuta almağa imkan vermir. Ancaq banklar bir-birinə kömək edir. Ümumilikdə, bank sektoru valyuta ilə təmin olunub. Qeyd edim ki, dünən hərracda bank sektoruna satdığımız valyutanı banklar tam reallaşdıra bilməyib."

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, banklar tərəfindən əməliyatların həcmi 10 dəfədən çox artıb. O hesab edir ki, bu gün valyuta çatışmazlığı problemi yoxdur, vaxtında xidmətetmə problemi var.

AMB sədri əhalini sakit olmağa çağırıb: "Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollarına enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək."

AMB-nin sədri onu da əlavə edib ki, bu gün Mərkəzi Bankda növbədənkənar valyuta hərracı keçirilib. Lakin bu gün tələbat ötən günlə müqayisədə iki dəfədən çox aşağı düşüb.

"Bankaların bütün tələbləri ödənilir," Rüstəmov bildirib.

Öz növbəsində iqtisadi ekspert Natiq Cəfərli Elman Rüstəmovun dediyi ilə razılaşmır.

O öz facebook səhifəsində yazıb ki, bu gün səhər özü 4 bankda olub.

"Vəziyyəti yerində dəyərləndirmək istədim, heç birində dollar satışı yox idi, bankların adlarını açıqlamayacam, amma vəziyyət gərgindir. Mərkəzi Bank və hökumətin nə etibarlılığı, nə də bazara sözlü təsir imkanları yoxdur. Danışanda əks effekt yaradır, amma davranışları da panikanı artırır. Bu gün ajiotajın olmasının 1 nömrəli baisi elə Mərkəzi Bank və hökumətdir ki, əməlləri ilə bunun qarşısı ala bilmirlər. Yanvar ayında Mərkəzi Bank formal hərraclarda ümumi 300 mln. dollar satmışdı, dünən tək bir hərracda 323 mln. dollar satılıb. Bu gün növbədənkənar hərrac olub, daha 155 mln. dollar satılıb - deməli, dollara təlabat kəskin artıb. Ajiotaj və panikanın qarşısını ala biləcək tək bir yol var - əlində manatla istənilən banka gedən vətəndaş dollar ala, vətəndaş öz manat depozitini maneəsiz dollara çevirə bilməlidir. Nə qədər ki, banklar dollar satmayacaq, ya da məhdudiyyətlər tədbiq edəcək, panika bir o qədər böyüyəcək. Bu bəsit məntiqi belə anlamayan Mərkəzi Bankımız və hökumətimiz var. Ağır dərddir...” o qeyd edib.