Beynəlxalq Əlilliyi olan Şəxslər günüdür

Əlil-logo

Azərbaycanda əmək pensiyası alan 1 271 210 nəfərin 26,5 faizi əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,9 faizi I qrup, 85,6 faizi II qrup, 7,5 faizi III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7575 nəfər təşkil edir
Noyabrın 3-də dünyada Əilliyi olan Şəxslər günü kimi qeyd edilir.

BMT Baş katibi Pan Gi Munun dünya ictimaiyyətinə müraciətində deyilir ki, əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələr aradan qaldırılsa əlilliyi olan şəxslərin töhfələr daha böyük olar.

“Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi məsələ hər zamankından daha çox önəm daşıyır”.

Baş katib çağırış edib ki. bütün insanlar istədikləri və layiq olduqlarına eyni dərəcədə sahib olmaq hüququ ilə təmin olunsunlar.

“Nəticədə hər kəs üçün daha yaxşı bir dünya qurulacaq. Bu il keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Rio+20 Konfransında tərəflər istifadə imkanının istədiyimiz gələcəyə sahib olmaq üçün çox önəmli olduğuna dair razılığa gəldilər.

Biz BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Nizamnaməsinin məqsədlərinə nail olmaq üçün birlikdə mübarizə aparmalıyıq: ayrı-seçkilik və təcrid hallarını aradan qaldırmalı, müxtəliflik və birliyi dəyərləndirən cəmiyyətlər yaratmalıyıq”.

Azərbaycanda da şoxsaylı əlilliyi olan şəxslər var. Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə on minlərlə insan əlil olub.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı yaydığı məlumata görə, 1 oktyabr 2012-ci ilə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 271 210 nəfərin 26,5 faizi əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,9 faizi I qrup, 85,6 faizi II qrup, 7,5 faizi III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7575 nəfər təşkil edir.

Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır.

Pensiyaların orta aylıq məbləği 129,5 manatdır. I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 218 manat təşkil edir.