Əli Həsənov: Azərbaycanda heç bir qorxulu internet mühiti yoxdur (audio)

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Şöbə müdiri Avropa Komissiyasının komissarının bəyanatlarına münasibət bildirib. “Azərbaycanda hal-hazırda yalnız istintaq altında olan jurnalistlər var. Onların məhkəməsi şəffaf olacaq”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın Səsi radiosuna müsahibəsində Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesin bəyanatlarına münasibət bildirib.

Your browser doesn’t support HTML5

Əli Həsənovla müsahibə


Sual: Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes dünən mətbuat konfransında deyib ki, Azərbaycan prezidenti ilə görüşündə həbsxanaların birində görüş üçün icazə alıb. Lakin onu həbsxanaya buraxmayıblar. Xanın Kroesin dediklərini necə qiymətləndirirsiniz?

Cavab: Cənab prezident belə kiçik məsələ ilə məşğul olmur. Həbsxanalarda görüş məsələləri ümumiyyətlə prosedura normalarına əsaslanır. Cənab prezident ona yəqin ki, bildirib ki, Azərbaycanda həbsxanalarda ümumi rejim qaydalarına müvafiq olaraq istənilən məhbusla görüşmək olar. Amma, görüşün normaları var. Orada əlbəttə ki, istintaq altında olan, məhkəməsi gedən məhbuslardan söhbət gedir. İstintaq altında olan məhbuslarla görüş rejimi, iş kəsilmiş və həbsxanada yatan məhbuslarla görüş rejimindən fərqlidir. Görünür orada anlaşılmazlıq olub.

Onlar bu məsələnin cənab prezidentlə müzakirəsindən və cənab prezidentin belə görüşün prosedur qaydalarına uyğun azad olduğunu bildirməsindən istifadə edərək, Ədliyyə nazirliyi ilə razılaşdırmadan, rejim qaydalarına, normalarına bələd olmadan bir qrup adamı yığıb həbsxana qarşısına gedib və bu görüş baş tutmayıb. Təkrar edirəm, Azərbaycanda istintaq altında olan məhbuslarla görüşün öz rejimi, qaydaları, normaları var, artıq iş kəsilmiş, kolonda yatan məhbuslarla görüşün öz normaları, qaydaları var. Bu görüşlərdə kimlər iştirak edə bilər, necə iştirak edə bilər, təşəbbüslər kimin tərəfindən gəlib, hansı qaydada görüşlər təmin oluna bilər, onun da Ədliyyə nazirliyinin müəyyən etdiyi vahid qaydada norması var. Ona görə də burada biz istisna yarada bilmərik ki, bu Avropa Komissiyasının komissarıdır və ya adi vətəndaşdır, hansısa hüquq müdafiə təşkilatıdır. Bunların hamısı şəffaf şəkildə qəbul edilmiş prosedur normalarına əsaslanır.

Sual: Eyni zamanda o bildirdi ki, Azərbaycan prezidenti gələn il ölkədə yeni internet televiziyası yaradılacağını bildirib. Bu necə, hansı şərtlərlə yaradılacaq, nəzarət kimin əlində olacaq?

Cavab: Mənə elə gəlir ki, burada da onun ifadəsində qeyri dəqiqlik var.
Əvvəla, Azərbaycanda internet televiziyasının yaradılması tam azaddır və lisenziyalaşdırılmayan fəaliyyət növü hesab olunur. Hazırda Azərbaycanda ondan artıq internet televiziyası var və sayı günü-gündən artmaqdadır. Burada bundan söhbət getməyib. Görünür cənab prezidentin gələn il Azərbaycanda rəqəmsal yayıma keçid haqqında ifadələri ilə bağlı onun tərəfindən anlaşılmazlıq olub. Azərbaycan gələn il bütövlükdə rəqəmsal yayım sisteminə keçir və rəqəmsal yayım televiziyasında da Rabitə nazirliyinin özünün də təklif etdiyi kabel televiziya sistemi olacaq. Ola bilsin ki, bununla bağlı söhbət olub, mən şəxsən deyə bilmərəm. O da bunu gələn il internet televiziyasının yaradılması kimi anlayıb. Azərbaycanda internet televiziyası bu gün də var və bu fəaliyyət lisenziyalaşdırma sahəsinə daxil deyil. İnternet televiziyaları tam azaddır.

Sual: Bir də ifadə azadlığı ilə bağlı, yəni internetdən istifadədən sonrakı azadlıq, internetdən istifadəyə görə qorxu hissinin yaradılmaması barədə Avropa Komissiyasının vitse-prezidenti qeyd etdi ki, bu sahədə çox işlər görülməlidir. Avropa İttifaqı, Avropa Şurası bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Bununla bağlı nə deyə bilərsiniz?

Cavab: Çox təəssüf olsun ki, bu bəzi Azərbaycan qeyri-hökumət təşkilatlarının uydurmalarıdır, guya Azərbaycanda internet qorxusu var. Guya internetdə yazı yazanda insanlar ətrafına baxır, nə bilim, nə edir. Bunlar hamısı uydurmalardır, boş və mənasız sözlərdir. Hər çür bu tipli bəyanatın arxasında fakt dayanmalıdır. Əgər fakt yoxdursa, bunlar boş söhbətlərdir. Mən bilirəm, neçə müddətdir ki, internet forumu ərəfəsində Azərbaycanın bəzi QHT-ləri bəzi beynəlxalq QHT-lərlə internet forumunun Azərbaycanda keçirilməsinin əhəmiyyətini azaltmaq istiqamətində işlər görürdü və görünür onların hesabatları gedib Avropa Komissiyasının komissarına da çatıb. O da öz növbəsində bu açıqlamaları verib. Bu açıqlamaların çoxu faktlara söykənmir, emosional açıqlamalardır və Azərbaycanın müvafiq qurumları təkziblərini verib.

Azərbaycanda heç bir qorxulu internet mühiti yoxdur. Azərbaycanda 65 faizə yaxın insan azad şəkildə internetdən istifadə edir, internetə məlumat yerləşdirir, internetdəki məlumatı oxuyur, şərh edir, təhlil edir, disputlar aparır. İndiyədək də Azərbaycanda internet müzakirəsinə, internet fəaliyyətinə görə həbsə alınmış jurnalist yoxdur. Əvvəllər olub bir-iki nəfər, onlar da həbsdən buraxılıb. Hal-hazırda Azərbaycanda bir nəfər də internet istifadəçisi və ya bloq yaratmağa görə həbsdə olan insan yoxdur.

Sual: ATƏT, Avropa İttifaqı və Avropa Şurasının birgə bəyanatında Azərbaycan hökuməti həbsdə olan jurnalistlərin və blogerlərin azad edilməsinə çağırılır. Münasibətiniz?

Cavab: Orada azad edilməyə çağırma yoxdur. Bu adamların işlərinə məhkəmədə şəffaf baxılması çağırışı var. Şəffaf baxılma da təmin olunacaq. Məhkəməsi olmayan şəxsin azad edilməsinə çağırmaq, bu heç bir normalara sığmır. Ona görə də siz onu bu sualda təhrif edirsiniz. Orada istintaq altında olan jurnalistlərin məhkəməsinin (çünki Azərbaycanda hal-hazırda yalnız istintaq altında olan jurnalistlər var) şəffaf keçirilməsi və Avropa hüquq normalarına uyğun baxılması tövsiyəsi var. Ona da əməl olunacaq.