2004-dən bəri həbsdə olan ələvi türklərin üçü sərbəst buraxılıb

Məhbuslar İranın Yəzd zindanında saxlanılırdı

2004 ilində Qərbi Azərbaycan vilayətində Qoşaçay şəhərinin Üçtəpə kəndində İranın hərbi qüvvələri tərəfindən həbs edilən ələvi türklərin üçünün keçən günlərdə sərbəst buraxıldığı bildirilir.

Oyan NewsGüney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına görə, Səhənd Əli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadüllah Qasımzadə sürgündə həbsdə olduqları Yəzd zindanından təqribən 10 gün öncə azad olublar.

2003-cü ildə Üçtəpə kəndində yaşayan ələvi/əhli-haq türklərdən bir qrup cəmiyyətlərinin məruz qaldığı ayrı-seçkiliyə təpki göstərək, İslam Respublikasına etiraz məzmunlu birgə bəyanat yaymışdı. Bəyanatın yayılmasından sonra kənd əhalisi dəfələrlə təhlükəsizlik və hərbi qüvvələrin basqı və hücumlarına məruz qalıb.

2004-cü ilin noyabr ayında hərbi qüvvələrin kəndə hücumu nəticəsində bir neçə nəfər öldürülmüş, Mehdi Qasımzadə, Yunus Ağayan Səhənd Əli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadüllah Qasəmzadə adlı vətəndaşlar isə həbs edilmişdilər.

Mehdi Qasımzadə 2009-cu ildə edam edildi

Mehdi Qasımzadə daha sonra edam edilib, Yunus Ağayanın edam hökmü keçən il ömürlük həbsə çevrilib.

Ələvi türklər Şərqi və Qərbi Azərbaycan, Zəncan, Qəzvin və Həmədan kimi Azərbaycan vilayətlərindən əlavə, Tehran, Xorasan və Kürdüstan vilayətlərində də yaşayırlar. Bu cəmiyyət güneydə həmçinin “Qızılbaş əhli-haq”, “Goran” və “Əliallahı” adları ilə tanınır.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiə məzhəblidir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil. Güneydə ən çox əhaliyə sahib olan təriqət azlığı əhli-haq cəmiyyətidir.