Məhkəmə Eldəniz Quliyevlə bağlı şikayəti icraata götürüb

Eldəniz Quliyev

Kinorejissor Facebook səhifəsində statusuna görə həbs edilə bilər

Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri və kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətini icraata götürüb.

Eldəniz Quliyev Amerikanın Səsinə bildirib ki, qərarın qəbul edilməsində vəkili iştirak edə bilməyib.

İş üzrə hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Daxili işlər naziri Ramil Usubov kinorejissor, Milli Şuranın üzvü Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəməyə şikayət edib. Bu maddələrin hər birinin sanksiyasında 6 ayadək həbs var.

Eldəniz Quliyev sosial şəbəkədə daxili işlər nazirinə yol polisi ilə bağlı müraciət edib. Müraciətdə polisin təhqirinin yer aldığı bildirilir.

Eldəniz Quliyev ittihamı absurd adlandırıb. “Burada məntiq yoxdur. Başa düşə bilmirəm, kim isə Facebook hesabında yazdığı statusa görə xüsusi ittiham qaydasında məhkəməyə çəkilsin. Bu absurddur. Hətta statusda ad çəkilmədiyi halda bir nazir ölkənin ziyalısını, rejissoru xüsusi ittiham qaydasında məhkəməyə çəkir. Ad çəkilmədiyi halda insan özünü necə təhqir olunmuş hesab edə bilər. Bu mənim ictimai-siyasi fəaliyyətimlə bağlıdır. Bu insanları susdurmaq, ağzını yummaq, müti etmək siyasətidir. Ağıla sığmayan məsələdir”, o qeyd edib