Rüfət Səfərov: Ölüm aclığına başlayıb-başlamayacağım barədə qərar verəcəm [Audio-Müsahibələr]

Rüfət Səfərov

Rüfət Səfərov, Eldar Sabiroğlunun Amerikanın Səsinə müsahibəsi və Baş Prokurorluğun münasibəti

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu və oğlu, Zərdab rayon Prokurorluğnun müstəntiqi vəzifəsindən istefa vermis Rüfət Səfərov Amerikanın Səsinə müsahibə verib. Müsahibələrdə son zamanlar onlara qarşı haqsızlıqlar olduğunu qeyd edirlər.

Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində dünəndən aclığa başladığını bildirib.

“İnid özümü çox pis hiss edirəm. Temperaturum və təzyiqim yüksəkdir”, o qeyd edib.

Your browser doesn’t support HTML5

Rüfət Səfərovun Amerikanın Səsinə müsahibəsi

Keçmiş müstəntiq bildirib ki, baş prokurora istefa ərizəsi ilə müraciət edib. “Ərizəmdə iki başlıca amilə üstünlük verdim. Birinci ümumi şəkildə fikrimi izah etdim ki, ölkədə tüğyan edən kütləvi hüquqsuzluq. Bu mənim üçün qərar verməkdə başlıca rol oynadı. İkinci köməkçi və hərəkətverici qüvvə isə son zamanlar atama qarşı edilən haqsız hücumlar, təhqirlər, alçaldıcı müdaxilələr, çox-çox-çox pis söyüşlərlə alçaldılması və başqa hərəkətlər məni belə qərara gəlməyə məcbur etdi”.

Birinci ümumi şəkildə fikrimi izah etdim ki, ölkədə tüğyan edən kütləvi hüquqsuzluq. Bu mənim üçün qərar verməkdə başlıca rol oynadı.

Rüfət Səfərov

O hazırda Zərdab şəhərində olduğunu deyib. “Baxmayaraq ki, fiziki durumum yerində deyil, amma Həsən bəy Zərdabinin vətənində mənəvi cəhətdən özümü çox-çox xoşbəxt hiss edirəm”.

Səfərov dünən saat 23-dən aclğa başladığını bildirib. “Dünən Baş Prokurorluğun ayrı-ayrı idarələrinin 3 əməkdaşı xidməti kabinetimə daxil oldu. Mənə cənab baş prokurorun əmrini elan etdilər. Əmrdə təxminən belə yazılmışdı ki, mənim tərzim prokurorluq orqanlarında fəaliyyət göstərən müstəntiq və prokuror hərəkətləri ilə üst-üstə düşmür. Müəyyən mənada belə desək, mən prokurorluğa ləkəyəm”.

Səfərovun sözlərinə görə, şəxsi komputerini götürüblər, mobil telefonundakı zənglər və SMS-lərə baxış keçiriblər. “Mən axtarış üçün rəsmi sənəd, məhkəmə qərarı tələb etdim. Hər hansı sənəd təqdim edilmədi. Əksinə dedilər ki, rəhbərlik belə göstəriş verib”.

Onun sözlərinə görə, kirayədə yaşadığı mənzildə axtarış aparıblar. “Otaqlara baxdılar. Hətta yataq otağımda axtarış etdirlər, döşəkləri qaldırdılar. Heç nə tapılmadı getdilər”.

Səfərov bu hadisələrdən sonra sakit formada, aclıq etməklə etirazını bildirir. “Cənab baş prokurora 3-4 sualdan ibarət müraciət yazacam. O suallara cavabdan asılı olaraq ölüm aclığına başlayıb-başlamayacağım barədə qərara verəcəm”.

Keçmiş müstəntiq barəsində cinayət işinin başlayıb-başlanmayacağını bilmir. “Buna hazıram. Nə başlayacaqlar mənim üçün maraqlı deyil”.

Səfərov ölkə prezidentinin onun müraciətinə reaksiya verəcəyinə inanır. “Cəmiyyətə isə təşəkkür edirəm. Heç inana bilməzdim ki, bu səviyyədə mənə dəstək versinlər”, Səfərov qeyd edib.

Eldar Sabiroğlu

“Oğlumun iş otağında və evində axtarış aparılmasına çox təəssüf və təəccüb edirəm. Oğlumla sanki bir cinayətkar şəxs kimi rəftar edirlər”. Bu barədə Amerikanın Səsinə müsahibəsində Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü Eldar Sabiroğlu oğlu Zərdab rayon prokurorluğunda müstəntiq vəzifəsindən istefa vermis Rüfət Səfərovla bağlı aparılan yoxlamaya münasibət bildirərkən deyib.

Your browser doesn’t support HTML5

Eldar Sabiroğlunun Amerikanın Səsinə müsahibəsi

Sabiroğlu Rüfətin iş otağından şəxsi komputerini və mobil telefonlarını götürdüklərini və sonra evində axtarış apardıqlarını deyib.

“Bu necə ola bilər? O hansı cinayəti törədib, hansı silahlı üsyanın başında durub, dövlətə qarşı hansı təxribatı aparıb. Söz deyib, onun sözü ilə mən razılaşmasam da, öz sözünü deyib. Sözə görə, bu cür təqib, bu cür münasibət axı olmamalı idi”, o qeyd edib.

Söz deyib, onun sözü ilə mən razılaşmasam da, öz sözünü deyib. Sözə görə, bu cür təqib, bu cür münasibət axı olmamalı idi.

Eldar Sabiroğlu

Sabiroğlu sual edib ki, “kim qarantiya verə bilər ki, oğlumun götürdükləri komputerinə nə isə daxil edib sonra onu ittiham etməsinlər?”

O oğlunun aclıq elan etdiyini bildirib. “Çox səhv edib. Xahiş edirik, aclığı dayandırmır. O özünə qarşı olan münasibətə etiraz edir”.

Sabiroğlu dekabrın 21-də özünə və oğluna qarşı münasibətlə bağlı ölkə prezidentinə müraciət edib. “Hələ heç bir reaksiya yoxdur. Mən yenə ümidimi üzmürəm. Hesab edirəm ki, cənab prezidentin xəbəri olsa bu qeyri-qanuni işlərin qarşısını alar və müvafiq orqanlara öz tapşırığını verər”, o ümiddə bildirib.

O Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı mübarizə apardığını xatırladıb.“Oğlum Rüfət də onun əlinə böyük şans verdi. O da bundan istifadə edir”.

Sabiroğlu Ramiz Mehdiyev haqqında yazdığı siyasi hekayətin ikinci hissəsini də dərc etdirəcəyini bildirib. “Bu hekayətdə insanları Ramiz Mehdiyev haqqında başqa bilgilərlə məlumatlandıracam”.

İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Baş Prokurorluq

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

“İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır”, mətbuat xidməti qeyd edib.