Avqustun 8-də Rusiya - Gürcüstan müharibəsinin iki ili tamam oldu. Beş gün davam edən müharibə 850 adamın ölümünə, 35 000 insanın evindən didərgin düşməsinə səbəb olub. Müharibənin doğurduğu nəticələr hələ də dünya üçün aktualdır. Çünki müharibədən sonra dünyada və Cənubi Qafqazda münasibətlər sistemi yeni mərhələyə qədəm qoyub.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Rusiya-Gürcüstan müharibəsindən iki il ötsə də, iki dövlət arasında dialoqun başlanmasından danışmaq mümkün deyil. “Rusiya qoşunlarını müharibədən əvvəlki dislokasiya yerinə qaytarması ilə bağlı Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış sazişin şərtlərini indiyədək yerinə yetirməyib. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, dünya birliyi isə bu əraziləri Gürcüstanın ərazisi kimi tanıyır. Odur ki, bütün bunları etiraf etmədən tərəflər dialoqa başlaya bilməz”.
Gürcüstanla Rusiya arasında müharibə iki sistem - demokratiya və avtoritar rejim arasında döyüş idi. Cənab Namazovun fikrincə, Rusiyada bir çoxları hesab edir ki, Moskva müharibəni başlamaqla ciddi səhvə yol verib. “Gürcüstanda da Mixail Saakaşvilinin səhvlərindən danışanlar çoxdur. Lakin gürcü cəmiyyətində konsensus var, bu da Gürcüstana qarşı təcavüzün törədilməsinə səbəb vermədi. Digər tərəfdən, Saakaşvilinin tərəfdarları diqqəti ona yönəldir ki, avqust hadisələrinə qədər Qərbdə bir çoxları inanmırdı ki, Rusiya Gürcüstana qarşı təcavüz törətməyə qadirdir. İndi isə hamı buna əmin oldu”.
Politoloq müharibəni 2 mərhələyə bölür. “Birinci mərhələ göstərdi ki, Gürcüstan çox tez zamanda öz ərazisində konstitusion qayda-qanun yaratmağa qadirdir, ikinci mərhələ isə Rusiyanın münaqişəyə açıq müdaxiləsindən başladı. Bu mənada avqust müharibəsinin yekunları dünya birliyinə göstərdi ki, postsovet məkanındakı sepatratçı rejimlər xarici dəstək olmadan bir gün də davam gətirə bilməzlər. Eyni hal Dağlıq Qarabağ rejiminə də aiddir. O da Azərbaycana qarşı müqavimət göstərə bilmir”.
Cənab Namazov Ermənistandakı Rusiya hərbi bazasının statusunun genişləndirilməsi barədə Moskva və Yerevan arasında yeni razılaşmanın Qarabağ nizamlanmasına mənfi təsir göstərəcəyini deyib. “Belə ki, erməni tərəfinin potensialının güclənməsi regionda gərginliyin artmasına səbəb olacaq. Rusiyanın belə siyasəti onun özünə ziyan vurur. Şimali və Cənubi Qafqazda əmin-amanlıq və sabitlik bir-birindən asılıdır”.