Jurnalistin apellyasiya şikayətinə baxılır

Elçin Həsənov

Jurnalist Elçin Həsənovun bir il islah işləri cəzasına məhkum edilməsi barədə Nizami rayon Məhkəməsinin hökmündən həm özü, həm də dövlət ittihamçısı narazıdır. Belə ki, bir tərəfdən jurnalist hökmdən şikayət verib, o biri tərəfdənsə prokuror cəzanın ağırlaşdırılması üçün protest verib.

Jurnalisti həbs eləmək heç bir dövlətə baş ucalığı gətirmir.
Elçin Həsənov

İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində şikayət və protest üzrə ilkin baxış keçirilib.

Elçin Həsənov bildirib ki, barəsindəki hökmlə razı deyil və bəraət verilməsini istəyir. Onunla dövlət ittihamçısı Rizvan Şammədov arasında mübahisə yaranıb.

“Jurnalisti həbs eləmək heç bir dövlətə baş ucalığı gətirmir,” Həsənov bildirib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əflatun Qasımov bildirib ki, bəraət məsələsi ilkin baxış iclasının predmeti deyil.

İş məhkəmə baxışına verilib və növbəti iclas iyulun 22-nə təyin olunub.

Bakı şəhər Nizami rayon Məhkəməsi iyunun 1-də jurnalist Elçin Həsənov barəsində xuliqanlıq ittihamı ilə hökm çıxarıb. Məhkəmə aylıq maaşının 20 faizi tutulmaqla E.Həsənovu 1 il islah işlərinə cəlb edib. Prokurorluq isə Həsənovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Elçin Həsənov Sumqayıtda nəşr edilən "Yüksəliş Naminə" qəzetinin redaktor müavinidir. Bundan əlavə, o, AXCP Ali Məclisinin üzvüdür.

Həsənov ötən il keçmiş "Asiya" agentliyinin başçısı Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət onun özünə qarşı çevrilib. Cəfər Cəfərov da indi dələduzluqda ittiham edilir.

Bu ilin martında Həsənova qarşı Cinayət Məcəlləsinin 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.

Elçin Həsənov Sumqayıtda nəşr edilən "Yüksəliş Naminə" qəzetinin redaktor müavinidir. Bundan əlavə, o, AXCP Ali Məclisinin üzvüdür.