Məhkəmə Elçin Qasımova 30 sutka həbs verib [Audio & Video] (Yenilənib)

Elçin Qasımov

Rəsmi məlumatlara görə, 8 nəfər barəsində inzibati həbs seçilib

Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda deyilir ki, noyabrın 5-də Bakının Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirmiş, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərmiş və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb”, xəbərdə deyilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri qanunazidd hərəkətlərə yol verən şəxslərin nəzərinə çatdırır ki, ölkədə asayişin və sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.

***

Sabunçu rayon Məhkəməsi noyabrın 6-da Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovu inzibati qaydada 30 sutka həbs edib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilib.

Vəkil həmçinin qeyd edib ki, E.Qasımovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

Your browser doesn’t support HTML5

Vəkil Cavad Cavadovun Amerikanın Səsinə müsahibəsi

Onun sözlərinə görə, məhkəmə vəkil olmadan keçirilib. Elçin Qasımovla konfidesional görüşə icazə verilməyib.

“Elçini yalnlız polislərin yanında gördüm. Əli qandallı idi. Təkbətək görüşə bilmədik. Tez polislərin müşayiəti ilə apardılar“, vəkil deyib.

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Elçini yalnlız polislərin yanında gördüm. Əli qandallı idi. Təkbətək görüşə bilmədik. Tez polislərin müşayiəti ilə apardılar.

Qeyd edək ki, ötən gecə Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıb. Polislə dindarlar arasında insident baş verib. Nəticədə dindarların bir neçəsi saxlanılıb.

***

Öz növbəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dünən Sabunçu rayonunda polislə dindarlar arasında baş verən hadisəyə münasibət bildirib.

Trend agentliyinin məlumatına görə, DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, rəsmi qeydiyyatdan keçməmiş, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb.

"Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri, dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olunmayıb”, o bildirib.

Onun sözlərinə görə, dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhd göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər.

“Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və heç kəsin dini ayinlərin icrasına maneçilik yoxdur", açıqlamada qeyd olunur.

***

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Sabunçu rayon Polis İdarəsinə gedərək 5 dindarla görüşüb.

Turanın məlumatına görə, saxlanılanlar hüquq müdafiəçisinə bildiriblər ki, polisdə onlarla pis davranmayıblar.