Əl-Şəbəb Somalidə bomba hücumuna görə məsuliyyəti öz üzərinə alıb

Əl-Şəbəb yaraqlı qrupu Somalinin şimalında BMT-nin avtobusuna azı yeddi nəfərin ölümülə nəticələnmiş bomba hücumunun məsuliyyətini öz üzərinə alıb.

Bölgə polis rəisi Əhməd Abdullahi hücumu ətraflı təsvir edib.

“Partlayış baş verdi və yeddi nəfər öldü. Onlardan biri özünü partladan şəxs, altısı isə hücumun qurbanı idi. Ölənlərdən dördü xarici vətəndaş, ikisi isə somalili idi. Yaralıların sayı yeddidir, beşi somalili, digər ikisi isə xaricidir”.

BMT-nin Uşaq Fondu Qarov şəhərindəki partlayış nəticəsində dörd işçisinin öldüyünü, digər dördünün vəziyyətinin isə ağır olduğunu bildirib. Partlayış onlar qonaq evindən ofisə getdikləri zaman baş verib. BMT-yə yaxın mənbənin Amerikanın Səsinə bildirdiyinə görə, intiharçı avtobusa yaxınlaşaraq üzərindəki partlayıcıları işə salıb.

BMT-nin Somali üzrə xüsusi nümayəndəsi Nik Key hücumu qınayıb.

Bu yeddi gün ərzində Əl-Şəbəb qrupunun beynəlxalq işçilərə qarşı törətdiyi üçüncü ölümlə nəticələnmiş bomba hücumudur.

Bazar günü Əl-Şəbəb yaraqlıları Afrika İttifaqının Burundidən üç sülh işçisini qətlə yetirib və Leqo şəhərində daha üç əsgərə atəş açacaq onları yaralayıblar.

Afrika İttifaqı hücumu qınayaraq onu "xaincəsinə qurulmuş pusqu" adlandırıb.

Əl-Şəbəb Somali hökümətini devirməyə və ölkədə İslam Dövləti yaratmağa çalışır.