Beynəlxalq ekspertlər BMT-nin dəstəyi ilə Suriyanın kimyəvi silah arsenalının məhv edilməsi kimi presedenti olmayan missiyanı yerinə yetirmək üçün Dəməşqdədir.
Hollandiyada yerləşən Kimyəvi Silahlara Qadağa Təşkilatının erkspertləri bu gün BMT-nin avtomobilləri ilə ilk obyektdə iş başlayıb. Onların haraya yollandığı haqda məlumat verilməyib.
Beynəlxalq qrupa Kimyəvi Silahlara Qadağa Təşkilatının 19 eksperti və BMT-nin 14 işçisi daxildir.
Suriya BMT-nin Təhlükəsizlik Şurasının keçən ay təsdiq etdiyi beynəlxalq missiya ilə əməkdaşlıq ediləcəyinə söz verib. Kimyəvi Silahlara Qadağa Təşkilatı vətəndaş müharibəsinin getdiyi bir ölkədə belə böyük kimyəvi silah anbarının qısa müddət ərzində tərksilah edilməsi kimi bir missiyanı ilk dəfədir yerinə yetirir.
BMT-nin Təhlükəsizlik Şurası qarşıya ekspertlərin Suriyanın kimyəvi silahlara dair təqdim etdiyi deklarasiyasını yoxlaması və noyabr ayına kimi ölkənin kimyəvi maddələr istehsal etmək qabiliyyətindən məhrum edilməsi kimi əsas məqsəd qoyub. Suriya bundan sonra gələn ilin ortalarına qədər kimyəvi silahlarını tərksilah etməlidir.