Ekspertin fikrincə Azərbaycanın Rusiyadan ‘çörək asılılığı’ var

Taxıl zəmisi

Son günlər Bakı sakinləri şikayətlənirlər ki, çörəyin çəkisi düşüb, hətta bəzi çörək növləri 10-15 qəpik bahalaşıb.

Ekspertlər deyirlər ki, bu təkcə Azərbaycanda belə deyil. Dünyada son bir ildə taxıl qıtlığı yaranıb, BMT Ərzaq Fondu yazır ki, keçən ay dünya bazarlarında taxılın qiyməti 9 faizə qədər bahalaşıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, bütün dünyada bahalaşma olduğu üçün mümkündür ki, Azərbaycanda da un bahalaşsın.

Bəs Azərbaycan öz taxılını özü təmin edib, xaricdən taxıl asılılığını aradan qaldıra, bu yolla da qiymət bahalaşmasının qarşısını ala bilərmi?

Rəsmi statistikaya görə, Azərbaycan buğdaya olan illik ortalama 3.4 milyon ton ehtiyacının 42 faizini idxal hesabına ödəyir.

İdxalın 80 faizdən çox hissəsi Rusiyanın payına düşür. İqtisadçı Qubad İbadoğlu deyir ki, 80 faiz bir ölkədən asılılıq təhlükəlidir.

Sahələr boş qalıb...

İmişlinin Məzrəli kənd sakini Elxan Abışov isə deyir ki, onların kəndində torpaqlar boş qalıb, əkdikləri taxıl əllərində qalır deyə, əkən yoxdur:

“Sahələr qalıb boş, əkən yoxdur. Torpaq paylanandan sonra, islahat gedəndən sonra bir az camaat həvəsləndi. Bir-iki il. İndi daha gedən yoxdur. Bütün kəndlərdə, rayonlarda tədarükçü olsa, bilsək ki, bu məhsul əlimizdə qalmayacaq, biçib, aparıb təhvil verib pulunu alacaq, onda məhsuldarlıq artar”.

Elxan Abışov deyir ki, indi taxılı sata biləcəkləri bir yer var - o da şəhər bazarlarıdır.

Amma Kənd Təsərrüfatı Nazirliyindən Firdovsi Fikrətzadə deyir ki, dövlət taxıl becərənlər üçün şərait yaradıb, onların taxılı aqrarbazar.az portalında sata bilirlər.

Rəsmi: “Azərbaycanda taxıl əkməyə torpaq yoxdur…”

Fermer Elxan Abışov desə də ki, sahələr boş qalıb əkən yoxdur, Kənd Təsərrüfatı Nazirliyindən Firdovsi Fikrətzadə deyir ki, Azərbaycanda taxıl əkməyə torpaq yoxdur, ona görə də taxıl xaricdən alınır:

“Azərbaycanın isə öz tələbatının ödəyəcək həcmdə taxıl məhsulları, o cümlədən buğda istehsal etmək üçün torpaq resursu yoxdur. Dövlət bütün bu dəstəkləyici tədbirləri ona görə həyata keçirir ki, məhsuldarlığın artırılması hesabına tələbatımızı nisbətən yerli istehsal hesabına ödəyək. Ancaq buna baxmayaraq, məhsuldarlıq indikindən 20 faiz artıq olmuş olsa belə, yenə də bizim idxaldan asılılığımızı ödəmək mümkün olmayacaq”.

Firdovsi Fikrətzadə deyir ki, heç işğaldan azad edilmiş topraqlarda əkin başlasa da, bu ehtiyacı tam ödəmək mümkün olmayacaq.

Optimist olanlar da var

Amma bu fikirlə razılaşmayanlar da var. Əsasən fermerlərin hüquqlarının müdafiəsi ilə məşğul olan Xəzər işadamlarının iqtisadi əlaqələri ictimai birliyinin sədri Şahin Nəcəfli deyir ki, iş səmərəli qurulsaydı, məhsuldarlığı artırmaq olardı.

“Dövlət kooperativləşməyə ciddi dəstək verməlidir, bir-iki hektarda taxıl əkib uğur qazanmaq olmaz. Dövlət kiçik ailə təsərrüfatlarının böyük kooperativlərdə birləşdirilməsinə dəstək verməlidir ki, geniş sahələrdə taxıl əkib uğur qazanmaq mümkün olsun. Hesab edirəm ki, ən böyük problemimiz bir su məsələsidir, ikincisi də kiçik ailə təsərrüfatlarından kooperativləşməyə keçid eləmək lazımdır və dövlətin buna xüsusi təşviq proqramları olmalıdır”.

Hələlik isə Azərbaycanda yerli taxıl istehsalı azalmaqda davam edir. 2019-cu ildə bu, illik təqribən 2,1 milyon ton idisə, keçən il bu rəqəm 1.8 milyon tona düşüb.