Noyabrın 24-də Bakıda Prezident İlham Əliyevin Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşü olub.
Azərbaycan prezidentinin rəsmi internet saytında yayılan məlumatda deyilir ki, söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcək.
Tərəflər ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir edib, görüşdə bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olunub.
Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub. Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.
Overçukun səfəri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündən öncəyə təsadüf edir.
Turan Agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, Rusiya Baş nazirinin müavininin regiona səfəri noyabrın 9-da üç ölkə liderinin baş tutmayan görüşünün reallaşacağına sübutdur.
“Əgər üç ölkə liderinin görüşü baş tutarsa, bu zaman baş nazirin müavinlərinin razılaşdırdığı məsələlər həyata keçiriləcək. Bu görüş sərhədlərin demarkasiya və delimitasiyası, gələcəkdə sülh sazişinin imzalanması üçün zəmin yaradır. Bu, həm də iki ölkə arasında gərginliyin azalmasına yol açacaq. Üç liderin görüşü, həmçinin kommunikasiyaların açılması və mərhələlə-mərhələ sülhə doğru addımın atılması olacaq,” Hacıyev qeyd edib.
Noyabrın 23-də Rusiya prezidentinin rəsmi internet saytı bildirib ki, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqları noyabrın 26-da Soçidə olacaq.
Məlumatda deyilir ki, danışıqlar Rusiya prezidentinin təşəbbüsü ilə baş tutacaq.
“Görüşdə üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək,” məlumatda qeyd edilir.
Həmçinin Vladimir Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca görüşlər də nəzərdə tutulur.
Rusiya prezidentinin mətbuat xidməti bundan öncə üç ölkə liderinin görüşünün noyabrın əvvəllərində olacağı barədə məlumat yayıb. Lakin bu görüş baş tutmayıb.
Bundan sonra Avropa İttifaqı rəhbərinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Əliyev ilə Paşinyanın görüşü barədə razılıq əldə olunub.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 21-də telefon danışığı baş tutub, Dağlıq Qarabağ ətrafındakı vəziyyət və onun stabilləşdirilməsi üzrə tədbirlər müzakirə edilib.
Bundan öncə telefon söhbəti zamanı isə Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində ciddi döyüşlərdən sonrakı vəziyyəti və Paşinyanın Putinə hərbi yardım üçün müraciətini müzakirə edib.
Vladimir Putinin təşəbbüsü ilə üç ölkə liderinin noyabrın əvvəllərində baş tutmayan görüşündən sonra, noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginliyin artdığı müşahidə edilib. Noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib.
Tərəflər döyüşlərin başlamasına görə bir-birini günahlandırıb. Nəhayət, tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşi dayandırıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 6 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb, 18 əsgərinin taleyi məlum deyil.
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyiblər.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.
İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.
Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.
“Bu görüşdə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və bu çərçivədə görülən işlərin gedişatı müzakirə edilib,” Rusiya hökumətinin məlumatında qeyd edilir.