İyulun 24-də qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MİQ 29 təyyarəsinin qalıqlarının tapılıb-tapılmaması və pilotun taleyi ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti iyulun 24-də bildirib ki, təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Bu gün, iyulun 27-də müdafiə naziri Zakir Həsənov qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.
SEE ALSO: Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıbNazirliyin mətbuat xidməti bildirir ki, Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.
Bununla yanaşı, mətbuat xidməti qəzanın ilkin səbəbləri ilə bağlı məlumat verməyib.
Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir.Üzeyir Cəfərov, hərbi ekspert
Yerli media qəzaya uğramış təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qohumlarına istinadən təyyarənin yerinin müəyyən edildiyini və onun sahilə çıxarılması üçün işlər aparıldığını yazıb.
Hərbi ekspert Üzeyir Cəfərov isə Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir.
“MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən tovarişlərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən - bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə "ölü vəziyyətinə" salınıb. Gerisi məlumdur,” ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov facebook səhifəsində yazıb.
Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin `qara qutusu` tapıldıqdan sonra tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.
"Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra `qara qutular` Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib," hərbi ekspert Amerikanın Səsinə bildirib.
Ekspert bildirir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin Radio Elektron Mühafizə qoşunlarının iyulun 18-də Xəzər dənizində qəza baş vermiş ərazinin yaxınlığında başladlığı hərbi təlimlər avqustun 7-dək davam edəcək.
Ekspertin şərhinə Rusiya və Azərbaycanın rəsmi qurumları hələ münasibət bildirməyib.
29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsi təlim uçuşu zamanı Bakıdan 60 kilometr şimalda qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilotlar Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
2010-cu il martın 3-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU 25 tipli hərbi təyyarə Bakıdan 430 kilometr qərbdə Azərbaycanın Şəmkir rayonu ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot həlak olub.
2011-ci il fevralın 3-də SU 25 markalı təyyarə hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində (Bakıdan 170 kilometr qərbdə) qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.