“Əskişəhər Güney Azərbaycan Kültür Dərnəyi” fəaliyyətə başlayıb

Türkiyənin Əskşəhərində yaşayan azərbaycanlıların təsis etdiyi “Əskişəhər Güney Azərbaycan Kültür Dərnəyi” mayın 4-də rəsmi şəkildə fəaliyyətə başlayıb.

Azərbaycan veb səhifələri güneyli milli fəallardan əlavə Türkiyə türkləri və bəzi başqa türk xalqları təmsiliçilərinin açılış mərasiinə qatıldıqlarını bildirib.

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Makedoniya Respublikasının Türk Milli Birlik Hərəkatı (TMBH) təşkilatlarının bəzi təmsilçilərinin qatıldığı açılış mərasimində Orta Şərq və İran eksperti Arif Kəskin və Makedoniya Məclisinin millət vəkili Ərdoğan Saraç kimi iştirakçılar çıxış ediblər.

Amerikanın Səsinə məlumat verən dərnəyin başqanı Mehdi Yıldız Əskişəhərin 2013 Türk Dünyası Kültür Başkəndi olaraq seçilməsinə toxunaraq dərnəyin izlədiyi hədəfləri şərh edib. “Türkiyədə qanuni olaraq təşkilatlanmaq çox önəm daşıyır. Buna görə, biz də Güney Azərbaycanı Türk dünyası və Türkiyədə tanıtdırmaq üçün Əskişəhərdə bir dərnək təsis etməyə qərar verdik. Əsas amacımız isə Əskişəhərin 2013 Türk dünyası mərkəzi olmasından yararlanıb, Güney Azərbaycan məsələsini medianın gündəminə gətirməkdir”- deyə o qeyd edib.

Dərnəyin idarə heyətinin digər üzvləri Murtəza Rzazadə, Həsən Rəncbər, Rza Cəliloğlu, İlkay Yılmaz və İsmayıl Yetərdir.