Eks-prezident Ayaz Mütəllibov Bakıya gəlib

Eks-prezident Ayaz Mütəllibov Bakıya gəlib

Cənab Mütəllibovun Bakıda neçə gün qalacağı məlum deyil. Qeyri-rəsmi mənbələrin məlumatına görə, eks-prezidentin ölkəyə buraxılmasına yüksək siyasi rəhbərlik icazə verib.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün bu gün axşam saatlarında Moskvadan Bakıya gəlib. O Bakı hava limanında birbaşa Mərdəkan qəsəbəsindəki evinə gedib. Eks-prezident mediaya hər hansı açıqlama verməyib.

Cənab Mütəllibovun Bakıda neçə gün qalacağı məlum deyil. Qeyri-rəsmi mənbələrin məlumatına görə, eks-prezidentin ölkəyə buraxılmasına yüksək siyasi rəhbərlik icazə verib.

Xatırladaq ki, Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkib. Yas mərasimi avqustun 9-da saat 11-də Təzə Pir məscidində keçiriləcək. Dəfn həmin gün Yasamal qəbiristanlığında olacaq.

Ayaz Mütəllibov 1992-ci ildən Rusiyada məcburi mühacirətdədir. Azərbaycan hakimiyyəti onu 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olmasında və Xocalı soyqırımı zamanı mülki əhaliyə kömək göndərməməkdə ittiham edir. Ona qarşı cinayət işi qaldırılıb və indiyədək bağlanmayıb.

Yerli medianın məlumatına görə, rəsmi Bakı Ayaz Mütəllibovun və xanımının dəfn mərasimi ilə əlaqədar Bakıya gəlməsinə icazə verib. O, 1992-ci ildən indiyədək Bakıya gələ bilməyib. Belə ki, A.Mütəllibov bir neçə il əvvəl öz atasının dəfninə iştirak edə bilməyib.