Əkrəm Əylisliyə ittiham elan edilib

Yazıçı Əkrəm Əylisli

Aprelin 6-da yazıçı Əkrəm Əylisliyə qarşı ittiham elan edilib.

Vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki,bu gün müstəntiqin çağırışı ilə Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə gedib.

“Əkrəm Əylisli əvvəlcə şübhəli şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edildi və ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə (xuliqanlıq) ittiham elan edildi. İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı ildə ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Nihad Seyidov döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə solğun göyümtül qançır yaranıb”.

Əkrəm Əylisli ittihamları qəbul etməyib, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənəvi durumunun imkan vermədiyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib.

İstintaq davam edir.

Əkrəm Əylisli martın 30-da Bakı Hava limanında yazıçıların beynəlxalq konfransına gedərkən saxlanılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.