Ekologiya nazirliyi xoşagəlməz iyi yayan müəssisələrə xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı barədə məlumat yayıb.

Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, nazirlik bundan öncə Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu yayılması ilə bağlı tədbirlər görüb.

Zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün xəbərdarlıq edilib.