Bazar ertəsi günü Tehran vilayətinin Baharistan şəhərində prokurorluğa müraciət etdiyi zaman həbs edilən türk dil haqları fəalı Əkbər Azad Böyük Tehran Həbsxanasına köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, Əkbər Azad ailəsi ilə telefon danışığında hazırda Böyük Tehran Həbsxanasının karantin bölməsində saxlanıldığını bildirib.
Türk fəal avqustun 9-da Baharistanın ümumi və inqilab prokurorluğunun icra şöbəsinə müraciət etdiyi zaman saxlanılmışdı.
Əkbər Azad dil hüquqları uğrunda fəaliyyətlərindən dolayı daha əvvəl Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi ilə bərabər 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər.
SEE ALSO: Həmid Mənafi İranın Luristan vilayətinə sürgünə göndərilibBu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.
2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.