Misir və Türkiyə liderləri Yaxın Şərq sülh prosesini müzakirə edib

Cənab Mübarək və cənab Gül iqtisadi, ticarət və investisiya sahələrində birgə əməkdaşlığın inkişaf etdirilməsi məsələsi ətrafında da danışıqlar aparıblar

Misir prezidenti Hüsnü Mübarək Türkiyə prezidenti Abdulla Güllə görüşərək, durğunluq vəziyyətində olan Yaxın Şərq sülh danışıqlarının canlandırılmasını müzakirə edib.

Misrin dövlətə məxsus MENA xəbər agentiyinin verdiyi məlumata görə, bu gün Qahirədə danışıqlar aparan liderlər İsrail və fələstinlilər arasında sülh prosesinin canlandırılması səylərini müzakirə ediblər. Fələstinlilərin prezidenti Mahmud Abbas bildirib ki, sərhəd, təhlükəsizlik və yəhudi yaşayış məntəqələrinin inşası kimi məsələlərdə inkişaf olmasa, o, İsraillə birbaşa danışıqlar aparmayacaq. İsrailin Baş naziri Benyamin Netanyahu isə birbaşa danışıqlara keçməyə hazır olduğunu deyib.

MENA-nın verdiyi məlumata görə, cənab Mübarək və cənab Gül iqtisadi, ticarət və investisiya sahələrində birgə əməkdaşlığın inkişaf etdirilməsi məsələsini də müzakirə ediblər.