Misirdə müxalifət İslam qanunlarının tətbiqini tələb edir

Misir ordunun dəstəklədiyi hökuməti devirmək istəyən islamçıların etiraz nümayişləri zamanı mümkün zorakılıqlara hazırlaşır.

Ultra-mühafizəkar Sələfilər Cəbhəsinin bir qolu olan "Müsəlman gənclərin üsyanı" qrupu bu gün ölkə boyu genişmiqyaslı nümayişlərə çağırıb. Ölkədə İslam qanunlarının tətbiqini istəyən bu qrup yürüşlər zamanı tərəfdarlarını əllərindəki Qurani-Kərimi havaya qaldırmalarını istəyib.

Əsas yerlədə təhlükəsizlik tədbirlərini gücləndirən hökumət nümayişlər zamanı zorakılıqlara əl atılarsa, ciddi müqavimətlə üzləşiləcəyi barədə xəbərdarlıq edib.

Son aylar müxalifətin prezident Əbdül Fəttah Əl-Sisi hökumətinə qarşı keçirdiyi etiraz yürüşləri getdikcə genişlənir.

Bu gün keçirilən etiraz nümayişləri zamanı iki hərbiçi öldürülüb. Təhlükəsizlik rəsmiləri zabitlərin Qahirənin şimal hissəsində naməlum şəxslər tərəfindən qətlə yetirildiklərini bildirib.