Misir seçkisində islamçı Morsi və Mübarək rejiminə yaxın Şafiq irəlidədir

  • Amerikanın səsi

Misirin seçki rəsmiləri prezident seçkisində səsvermənin nəticələrinə əsasən təkrar seçkilərdə əsas rəqabətin islamçı Müsəlman Qardaşları partiyasının namizədi və keçmiş prezident Hüsnü Mübarək hakimiyyəti ilə güclü əlaqələri olan keçmiş baş nazir arasında gedəcəyini təsdiq edib.

Misirdə ilk dəfə keçirilmiş azad prezident seçkisinin nəticələri Müsəlman Qardaşları partiyasının namizədi Məhəmməd Morsinin birinci, keçmiş baş nazir və dünyəviçi Əhməd Şafiqin isə ondan sonra ikinci yerdə gəldiyini göstərir.

Nəticələrə əsasən, Morsi 5 milyon 764 mindən, Şafiq isə 5 milyon 505 mindən çox səs alıb.

Sosialist partiyasının namizədi 4,8 milyon səslə üçüncü, mötədil islamçı Əbdül Moneym Əbul Futuh 4 milyon səslə dördüncü, keçmiş xarici işlər naziri Amr Musa isə 2,58 milyon səslə beşinci yerdədir.

Misirin Mərkəzi Seçki komissiyasının bildirdiyinə görə, ölkədə səsvermə hüququ olan 50 milyon əhalinin 46 faizi seçkidə iştirak edib.

Təkrar prezident seçkisi iyun ayının 16-da və 17-də keçiriləcək.