Əfv komissiyası yüzdən çox müraciətə baxıb

Həbsxana

Aprelin 6-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının altıncı iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib ki, komissiya yüzdən çox müraciətə baxıb.

“İndiyədək komissiya yüzlərlə müraciətə baxıb” , o qeyd edib.

Komissiya üzvü çoxsaylı məhkumların əfv üçün müraciət etdiyini bildirib.

“Hələ komissiyanın baxacağı çoxsaylı müraciətlər var və yeni müraciətlər də daxil olmaqdadır ”, o qeyd edib.

Xatırladaq ki, komissiyanın 5-ci iclası aprelin 4-də keçirilib və həmin iclasda da yüzdən çox müraciətə baxılıb.

Yerli media Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində (28 may) əfv sərəncamının imzalanacağını və ya amnistiya aktının qəbul ediləcəyini bildirir. Bəzi hüquq müdafiəçiləri isə prezident seçkilərindən sonra əfv sərəncamının imzalanacagını, AXC-nin 100 illiyində amnistiya aktının qəbul edilcəyini güman edir.

Azərbaycan prezidenti sonuncu əfv sərancamını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv 423 nəfərə şamil olunub.

Bu il Novruz bayramı ərəfəsində, mart ayında yeni əfv olacağı ilə bağlı bəyanatlar səslənsə də əfv sərəncamı imzalanmayıb.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə yüz altmışadək siyasi məhbusun, Beynəlxalq Əfv (Amnesty İnernational) təşkilatı isə ondan çox "vicdan məhbusu"nun olduğunu bildirir.

Ancaq Azərbaycan hakimiyyəti birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını deyir. Rəsmilər bildirir ki, hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb edilib. Sadəcə onların həbsi maraqlı qüvvələr tərəfindən siyasiləşdirilib.