ABŞ hava hücumları nəticəsində dağıdılmış xəstəxananın yerində yeni klinika açılıb

Beynəlxalq yardın təşkilatı olan Sərhədsiz Həkimlər Əfqanıstanın şimalında ambulator klinika açıb.

Yeni klinikanın istifadəyə verilməsi Kunduz vilayətində ABŞ hava hücumları nəticəsində yerli xəstəxananın dağıdılmasından iki il sonraya təsadüf edir. Həmin hadisə zamanı pasientlər və əməkdaşlar da daxil olmaqla 40 nəfər həlak olmuşdu.

“Biz Kunduzda tibbi fəaliyyətimizi bərpa etmək qərarına gəldik, belə ki, burada buna çox böyük ehtyac var.” Bu sözləri Silvia Dallatomasina, Sərhədsiz Həkimlərin Əfqanıstan proqramı rəhbəri deyib.

Dallatomasina bildirib ki, təşkilat Kunduzda növbəti il xəstəxana açmağı planlaşdırır və bununla bağlı Əfqanıstandakı münaqişənin müxtəlif tərəflərindən xəstəxana açıldıqdan sonra pasientlərin təhlükəsizliyə zəmanət almağı çalışır.

BMT-nin insan hüquqları üzrə məsul şəxsi deyib ki, 2015-ci il Sərhədsiz Həkimlərin xəstəxanasının bombalanması müharibə cinayəti kimi qiymətləndirilə bilərdi.

ABŞ ordusu həmin bomba hücumunu “yanlışlıq” adlandırmış, prezident Barak Obama isə üzr istəmiş və qurbanlara kompensasiya söz vermişdi.