"Dekabrın 22-də səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surətdə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər."
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimiayyətlə
əlaqələr şöbəsinin məlumatında deyilir.
Hadisə barədə Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Məlumata görə Penitensiar xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah ediblər və qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb.
Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaq.