Xədicə İsmayılovanın həbsxanada tərcümə etdiyi bədii əsər - “Çakaranda ağacının uşaqları” (Children of the Jacaranda Tree) tezliklə yayımda olacaq. Bu barədə jurnalistin dostu Şahvələd Çobanoğlu Facebook səhifəsində məlumat yayıb.
Əsərin müəllifi Səhər Delicani 1983-cü ildə Tehranda - anasının həbsə atıldığı məşhur Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da anası kimi siyasi məhbus olaraq həbsdə idi. Səhər xanım 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb və Kaliforniyada Berkli Universitetində müqayisəli ədəbiyyat ixtisası üzrə məzun olub.
“Çakaranda ağacının uşaqları” müəllifin ilk romanı olsa da, dərhal şöhrət qazanaraq 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafatlarla təltif olunub və nüfuzlu dünya KİV-lərində onun barəsində yüksək rəylər dərc edilib.
Səhər Delicani azərbaycanca nəşrə ön sözdə yazır ki, onun əsərinin çox tərcümələri olub, amma heç biri Xədicənin tərcüməsi qədər onu təsirləndirməyib. Birincisi ona görə ki, onu azadlıq uğrunda çalışmalarına görə həbsdə olan mübariz bir insan tərcümə edib. İkinci səbəb də odur ki, Xədicə özü də bilmədən müəllifin əsərini onun ana dilinə tərcümə edib.
"Mənim anam Azərbaycan əsillidir. O, İranın Azərbaycan əyaləti olan Təbriz şəhərində anadan olub və sonradan doqquz yaşında ikən ailəsi ilə birgə Tehrana köçüb. Valideynlərimiz 1980-ci illərdə İran İslam Respublikasının həbsxanalarında olanda bizi böyüdən nənəm Aba farsca bilməzdi və bizimlə, nəvələri ilə ancaq azərbaycanca danışardı. Mən azərbaycanca, zəif olsa da, basa düşürəm və danışıram. Bu dil mənim üçün hər zaman doğmalıq, ailə, sevgi dili olmuşdur və heç bir başqa dil mənim qəlbimdə onun yerini tuta bilməz", o qeyd edib.