Avropa Məhkəməsi Azərbaycana qarşı doqquz şikayət üzrə qərar verib

İyulun 21-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 9 şikayət üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb.

Vəkil bildirir ki, qərar çıxarılan işlərin hər birini o müdafiə edib.

"Bu şəxslər 2016-ci ildə icazəli mitinq bitdikdən sonra tutulublar və hər biri barədə 8-15 gün müddətinə inzibati həbs tətbiq olunub. Həmin gün tutulan və məsuliyyətə cəlb olunanların ümumi sayı 20 nəfərə yaxın olub. Məhkəmə onların işinə qrup-qrup baxır".

Əsabəli Mustafayev yaxın günlərdə digər şikayətçilər barəsində də oxşar qərarların çıxarılacağı istisna etmir :

"Məhkəmə qərarı ilə hər ərizəçiyə mənəvi zərərə görə 2600 avro, nümayəndəyə 400 avro kompensasiya təyin olunub. Bu işlərə tezləşdirilmiş, kommunikasiya aparılmadan baxılıb və qərar qəbul olunub".

Vəkil kompensasiya məbləğinin kifayət qədər olmadığını düşünür. O bildirib ki, həm özünün, həm də şikayətçilərin gözləntisi daha çox olub:

"Cəzaçəkmə müəssəsində görüşmək, 2 məhkəmə instansiyasında iştirak, hər biri haqqında apellyasiya şikayəti, Avropa Məhkəməsinə şikayətlərin tərtibi təssəvür etmək olar ki, hansı məbləğdə order, nəqliyyat, dəftərxana, poçt və digər inzibati xərcləri tələb edib. Lakin indi taktikamız belədir “az olsun, amma bu gün və az (maliyyə, zaman) itki ilə olsun”. Çünki bu çətin iqtisadi zamanda hamının maliyyəyə ehtiyacı vardır. Bu kompensasiyaların ödənişi pozuntuların tanınması və qələbə kimi qiymətləndirilməlidir".

İşlər Elton Əliyev, Məmməd Balaməmmədov, Orxan Carçıyev, Ülfət Həsənqarayev, Toğrul İbrahim, Ruslan Qarayev, Nuru Nuruzadə, Sahib Rüstəmli və Vüsal Tağızadənin şikayətləri üzrədir:

Şikayətlərin hamısı Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə (toplaşmaq azadlığı) əsasən verilib, ərizəçilər onlara qarşı davranışın qeyri-qanuni və qeyri-proporsional olmasından şikayət ediblər. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıblar, AİHM şikayətlərin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Qeyd edək ki, sözügedən şəxslər 2016-cı ildə müxalif partiyaların kütləvi aksiyasından sonra saxlanılıblar. Daha sonra inzibati qaydada həbs ediliblər. Ərizəçilərin hamısı toplaşmaq hüquqlarına inzibati sanksiya tətbiq olunması ilə yanaşı, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu mübahisələndirmişdilər.

Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3000 avro (cəmi 27 min) təzminat ödəməlidir.