Ebola virusuna yoluxanların sayı 20 minə çatmaq üzrədir

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Ebola virusundan ölənlərin sayı 7500 nəfəri ötüb və xəstələrin sayı 20 minə çatmaq üzrədir.

Son hesabata görə, Liberia və Qvineyada Ebola virusuna yoluxma hallarının sayı azalıb. Syerra Leonidə isə virusa yoluxma hallarının sayı artıb.

Bu üç Qərbi Afrika ölkəsi demək olar ki, ölüm hallarının baş verdiyi əsas yerdir.

Digər ölkələrdə ölüm hallarının sayı dəyişməyib. Malidə xəstəlikdən ölənlərin sayı altı, Nigeriyada səkkiz, ABŞ-da isə bir nəfərdir. İspaniya və Seneqalda bir xəstəliyə yoluxma halı qeydə alınıb,amma ölən olmayıb.

BMT-nin baş katibi Ban Gi Mun beynəlxalq ictimayyəti virusun gələcəkdə yayılmasından müdafiəyə hazır olmağa çağırıb.