ABŞ-ın Nebraska Tibb Mərkəzi bildirir ki, onların müalicə etdiyi Syerra Leoneli həkim bu gün dünyasını dəyişib.
Xəstəxana bu gün açıqladığı bəyanatda bildirib ki, Martin Salia “xəstəliyin irələliləmiş simptomları” nəticəsində vəfat edib.
O, bu xəstəxanada müalicə olunan üçüncü və ABŞ-da bu xəstəlikdən dünyasını dəyişən ikinci Ebola xəstəsi idi.
Ümumdünya Səhiyyə Təşkilatı ötən cümə günü, Eboladan ölənlərin sayıının artdığını bəyan edərək bildirib ki, epidemiyanın başlayandan bütün dünyada təsdiq olunan 14 min 413 yoluxma halından 5177-i ölümlə nəticələnib. Bəyanatda həmçinin bildirilib ki, Syerra Leonedə bu həftə 421 yeni yoluxma halı qeydə alınıb və bu da rəqəmin gündən-günə artdığını göstərir.
Bundan başqa, ən çox yoluxma halına rəst gəlinən Qərbi Afrika ölkəsi Liberiya qarşısına dekabrın 25-nə qədər heç bir yeni yoluxma halı qeydə almamaq məqsədi qoyub.
Dünən prezident Ellen Conson Sörlif xalqa radio müraciətində bildirib ki, onun ölkəsinin sağlamlığa doğru gedən yolu çətin olacaq. O bildirib ki, Liberiyanın səhiyyə sistemi gələcək xəstəlik epidemiyalarına daha yaxşı hazırlaşmalı və ölkənin iqtisadiyyatı və hakimiyyətində ciddi islahatlar aparılmalıdır.
Qərbi Afrikadakı 5165 Ebolaya yoluxma halından 2800-ü Liberiyada qeydə alınıb.
Dünən ABŞ səhiyyə rəsmiləri bildiriblər ki, Malidən gələn turistlər Liberiya, Syerra Leone və Qvineyadan gələn turistlər kimi eyni yoxlamadan keçməli olacaqlar. Bu yoxlamalara ölkəyə səyahət edənlərin qızdırmalarının ölçülməsi və onların səhhətləri və ebola virusuna yoluxma ehitmalları ilə bağlı suallar vermək daxildir.
Malidə Ebola virusuna yoluxma çox olmasa da, son günlərdə bir neçə ölüm halı qeydə alınıb.