İrandakı son etiraz dalğalarını ‘fitnə’ adlandıran Şərqi Azərbaycan valisi Məcid Xudabəxş Təbriz əhalisinin bu fitnəyə qatılmadığını yüksək qiymətləndirib.
“Azərbaycan əhalisinin dərayətli, irəli görüşlü və ağıllı olması, habelə İslam İnqilabı və Vilayət Fəqih dəyərlərinə bağlılığı nəticəsində düşmənin planları pozuldu. Biz bunun üçün şükr edirik,” valinin sözlərini İSNA agentliyi dərc edib.
Mötədil və islahatçı siyasətçi kimi tanınan Xudabəxş deyib ki, “düşmən çox çalışdı ki, Məşhəddən başlanan və bir həftə davam edən bu fitnəyə Təbrizi də daxil etsin. Lakin onlar öz kirli niyyətlərini həyata keçirə bilmədi.”
Vali silahlı və hərbi qüvvələrin həyata keçirdiyi fəaliyyətlər haqqında danışmayıb. Lakin, İran rəsmilərinin daha əvvəl bildirdiyinə görə, təhlükəsizlik qüvvələri “önləyici tədbir” olaraq bəzi vətəndaşları həbs ediblər.
Əhalinin İslam İnqilabına bağlılığından söz edən vali, eyni zamanda kütləvi etirazlar zamanı Ettelaat, Sepah, Bəsic (yarım-hərbi könüllü milis qüvvəsi) və polis qüvvələrinin düzgün fəaliyyət yürütdüyünü vurğulayıb. O, hərbi və silahlı qüvvələr arasındakı əməkdaşlığın dəyərli olduğunu qeyd edib.
Vali bu qüvvələrin həyata keçirdiyi fəaliyyətlər haqqında danışmayıb. Lakin, İran rəsmilərinin daha əvvəl bildirdiyinə görə, təhlükəsizlik qüvvələri “önləyici tədbir” olaraq bəzi vətəndaşları həbs ediblər.
Məcud Xudabəxş həmçinin Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin oğlu Həsən Şəriətmədarinin əhalini nümayişlərə qoşulmağa dəvət etməsinə işarə edib: “Bu olaylarda hətta ölkə xaricində yaşayan Seyyid Kazım Şəriətmədarinin oğlu təhrikedici bir klip yayımladı. Amma Təbriz üzü ağ çıxdı.”
Rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə kütləvi etirazlar zamanı onlarla vətəndaş nəzarət altına alındı.
Qeyri-rəsmi mənbələrdə isə Təbrizdə etirazlara mane olmaq üçün 90 vətəndaşın tutulduğu bildirilib.