Dəniz quldurlarının gəmiyə hücumu zamanı azərbaycanlı öldürülüb

Azərbaycanlı mühəndis Fərman İsmayılov Nigereiya sahillərində Türkiyə şirkətinə məxsus gəmiyə dəniz quldurlarının hücumu zamanı öldürülüb.

Türkiyə mediasının məlumatına görə, Nigeriya sahillərində Qvineya körfəzində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən yük gəmisinə dəniz quldurları hücum edib və gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküb.

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov bu gün, yanvarın 24-də gəminin kapitanı və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, hər iki nazir dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıb.

Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

Məlumatda deyilir ki, gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Azərbaycana gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlər həyata keçirilir.

Beynəlxalq Dəniz Bürosunun (BIM) "Gəmilərə dəniz quldurlarının hücumu və silahlı soyğun” hesabatına görə, Qvineya körfəzi dənizçilər üçün ən təhlükəli ərazilərdəndir.