Dünyada ilk tanker-muzeyi olan "Suraxanı" gəmi muzeyi Dənizkənarı Milli Parkda yerləşir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Suraxanı" gəmisinin uzunluğu 123.5 metr, dedveyti isə 4696 tondur.
“Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir. Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.
Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.
Muzeyin zallarında müasir texnoloji avadanlıqlardan istifadə olunmaqla, bir sıra innovativ yeniliklər edilib. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər. Ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola bilirlər.
“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edirlər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar.
Tanker-muzeyin ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.