Dünya gənclərinin problemləri-Amerikanın Səsinin Gənclər Forumu [Video]

Your browser doesn’t support HTML5

Dünya boyu milyonlarla gənc təhsilsiz və işsizdir və yoxsul şəraitdə yaşayır. Gənclərin qarşılaşdığı sosial və iqtisadi problemlər Amerikanın Səsinin keçirdiyi müzakirələrin əsas diqqət mərkəzində olub. Dünya ölkələrindən gənclərin qatıldığı tədbir sosial mediada canlı yayımlanıb.

Vaşinqtonun Newseum-xəbər muzeyində toplaşan gənc liderlər və sahibkarlar dünya boyu gənclərin qarşılaşdığı problemləri müzakirə edib.

Nyu-Yorkdan müzakirələrə Cənubi Afrikanın mərhum prezidenti Nelson Mandelanın nəvəsi qoşulmuşdu.

“Gənclər təkcə işsiz deyil, burada həm də iş tapmaq üçün lazımi vədişləri olmayan işsiz gənclər var. Buna görə də fond vasitəsilə gənclərə bu vərdişlərin verilməsi, texnologiya və sahibkarlığa yiyələnməsində kömək edirik” Afrika Yüksəliş Fondunun təsisçisi Ndaba Mandela deyib.

BMT-nin son rəqəmlərinə əsasən, dünya əhalisinin yarısından çoxunu yaşı 30-dan az olan gənclər təşkil edir. Lakin onların 66 milyonu işsizdir.

Sahibkar Nasrin Əli Məhəmməd bildirib ki, iş imkanları işləyən qadın və kişilər haqda mövcud yanaşmanın dəyişməsi deməkdir.

“Elə hallar var idi ki, biz qadına biznesə başlamaqda dəstək göstərirdik. Onun vərdişləri və istəyi var idi, amma həyat yoldaşı buna icazə vermirdi. Yəni, bu, evdə dialoqun başlaması deməkdir.”

Pakistanın ilk qadın skvoş oyunçusu Maria Toorpakai Vazir idmanın gənclərin öz tam potensialını çatmasına kömək edəcəyinə inanır.

“Mən deyərdim ki, ekstremizm və terrorizmin qarşısı idman vasitəsilə alına bilər. Təhsil şübhəsiz ki, çox mühümdür, amma idman və təhsil birlikdə daha yaxşı olardı”

Bütün çətinliklərə baxmayaraq, Əfqanıstanın maliyyə nazirinin müavini Mozammil Şinvari gələcəyə nikbinliklə baxır.

“Mən Əfqanıstanın növbəti parlamentinin üzvlərinin daha gənc nəsli təmsil edəcəyinə, yaşının 35-dən aşağı olacağını ümid edirəm.”

Lakin tunisli ictimai fəal Aymen Abderahmen bildirib ki, gələcək gənclərin irəli çıxıb təşəbbüs göstərməsindən asılı olacaq.

“Həll yolu və daha yaxşı vəziyyət göydən düşmür. Buna görə mübarizə aparmalısan.”

Kürd-amerikalı fəal Rudan Balay isə deyib ki, gənclər üçün imkanların yaradılması yaşlı və gənc nəslin birgə səylərini tələb edir.

“Masada sizin səzinin eşidilməsini istəyirsinizsə, yaşlı siyasətçilər gənclərə masa arxasında yer verməlidir. Amma onlar bunu etmir. Dediyimiz kimi, gənclər bunu öz əllərinə götürməlidir.”

Tədbir avqustun 12-də dünya gənclərinin qarşılaşdığı mədəni və siyasi problemlərə diqqət yetirmək məqssədilə qeyd edilən Beynəlxalq Gənclik Günündən öncəyə təsadüf edir.