Dünya Bankı Rusiya iqtisadiyyatında mümkün enmə ilə bağlı xəbərdarlıq edib

world bank


Dünya Bankı Moskva ilə Qərb arasında Krımın ilhaqı ilə əlaqədar qarşıdurmanın davam etdiyi halda, Rusiyanın onsuz da zəif iqtisadiyyatında bu il enmənin baş verə biləcəyi ilə bağlı nəticə çıxarıb.

Dünya Bankının yeni hesabatında Rusiya iqtisadiyyatında 2014-cü ildə 1,8 faiz enmənin baş verə və investorların ölkədən rekord miqdarda 150 milyard dollar çıxara biləcəyi bildirilir.

Qərargahı Vaşinqtonda yerləşən bankın hesabatında deyilir ki, uzun müddətdir Rusiya iqtisadiyyatı ilə bağlı “etibar məsələsi” indi Rusiyanın iqtisadi cəhətdən bütün problemlərinin üstünü açmış “etibar böhranına” çevrilib.

Dünya Bankı Birləşmiş Ştatlar və Avropa İttifaqının Rusiyanın nüfuzlu qanunvericiləri və prezident Putinə yaxın olan müşavirlərə qarşı sanksiyaların nəticəsi olaraq, siyasi risklərin ciddi olacağını təxmin edir. Qərb Rusiyanın Krım yarımadasını ilhaq edib özünə birləşdirməsindən sonra Ukraynada təcavüzü davam etdirsə, daha ciddi sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Dünya Bankı bildirib ki, Rusiya-Ukrayna qarşıdurmasının davam etdiyi halda, Qərbin sanksiyaları və Rusiyanın buna cavabı ilə əlaqədar qeyri-müəyyən bir vəziyyət yaranacaq və bu da etibarın azalmasına gətirib çıxararaq, investor fəaliyyətinə öz təsirini göstərəcək.

Hesabatda Krımla bağlı mübahisənin nəticəsindən asılı olmayaraq, Rusiyanın öz iqtisadiyyatını idarə etmək üçün “böhran rejimi”nə düşəcəyi bildirilir.

Dünya Bankının proqnozlarına görə, yüksək riskli ssenari Rusiya iqtisadiyyatında1,8 faiz enmə ilə müşahidə edilə bilər. Lakin bank həmçinin bildirib ki, Krımla bağlı qarşıdurma yaxın zamanda başa çatsa, Rusiya iqtisadiyyatında yalnız 1,1 faiz artım ola bilər, bu isə 2013-cü ilin dekabrında təxmin edildiyinin yarısını təşkil edir.

Rusiya bu ilin əvvəlindən investorların ölkədən çıxardığı kapitalın həcminin 70 milyard dollar təşkil etdiyini bildirib. Keçən il bu rəqəm bütün il boyu 63 milyard olmuşdu.

Dünya Bankı ən pis halda Rusiyadan 2014-cü ildə 150 milyard dollara qədər vəsait çıxarıla biləcəyini təxmin edir. Bankın proqnozlarına görə, bu rəqəm 2015-ci ildə 80 milyard dollar təşkil edə bilər.