ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların Ermənistan-Azərbaycan sərhədində gərginlikləri yaxından izlədiyini bildirib. O, Twitter-də verdiyi açıqlamada Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb.
"Biz Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya xəttinin çəkilmədiyi hissəsində gərginliyin artdığına dair xəbərləri yaxından izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və vəziyyətin sülh yolu ilə de-eskalasiaya edilməsi üçün təmkinə çağırırıq."
Bundan öncdə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbəti zamanı sərhəddə vəziyyəti müzakirə etdiyini bildirib. Ann Linde bu barədə Twitter səhifəsində məlumat verərək, ATƏT sədrliyi və onun şəxsi nümayəndəsinin vəziyyəti yaxından izlədiyini bildirib.
Mayın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon söhbəti zamanı Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında “tərəflərin hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğuladığı” deyilir.
“Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər” – deyə, bəyanatda bildirilir.
Ermənistan sərhəddəki vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ODKB) müraciət edib. ODKB mayın 13-də bildirib ki, blok Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir.
Erməni tərəfinin bildirdiyinə görə, Azərbaycan silahlı qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafəsində Ermənistan ərazisinə daxil olub.
Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan mayın 13-də hökumətin iclasında Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafəsində Ermənistan ərazisinə daxil olduğunu deyib.
Paşinyanın bildirdiyinə görə, gölün yaxınlığında həm Azərbaycan, həm də Ermənistan hərbçiləri var. O, ərazidə hərbi eskalasiya, atışma, yaxud qarşıdurmanın baş vermədiyini, dünəndən Azərbaycan əsgərlərinin ərazidən çıxarılması üçün iş aparıldığını deyib. Paşinyan baş verənləri “planlaşdırılmış provokasiya” adlandırıb.
“Mövcud vəziyyət qəbuledilməzdir, Ermənistan vəziyyətlə barışa bilməz, amma bizim əsas vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik yollarla həll etməkdir. Lakin bu, variantlardan biridir ”, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan mayın 12-də keçirdiyi iclasda bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 13-də Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanatla çıxış edib.
“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir” – deyə bəyanatda bildirilir.