İran Azərbaycanından daxil olan məlumatlara görə son həftələrdə onlarla milli fəal həbs edilib. Bir qayda olaraq tutulanlardan bir çoxunun harda saxlanılması haqda ətraflı informasiya verilmir. Bütün ölkə boyu rejim əleyhdarlarına qarşı siyasi təqiblərin artdığı bir zamanda, insan haqları təşkilatları İranda vəziyyətin xeyli pisləşdiyini deyirlər. Bu mövzuda diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə Güney Azərbaycanı Milli Oyanış Hərəkatının Bakı bürosunun sədri Ağrı Qaradağlı və Dünya AzərbaycanlılarınYazarları Qurumunun rəhbəri Sayman Aruzu dəvət etdik.
İranda baş verən son həbslər barədə Güney Azərbaycanlı Siyasi Məhbuslarını Hüquqlarını Müdafiə Komitəsinin Türkiyədə qərargahlanan təmsilçisi Yaşar Həqqaqpurun həbslər haqda təfsilatlı məlumatını dinlədikdən sonra qonaqlar vəziyyətlə bağlı şərhlər verdilər. Ağrı Qaradağlı İranda yaşayan milyonlarla Azərbaycan türklərinin öz müqəddəratlarını müəyyənləşdirmək uğrunda qızğın fəaliyyət göstərdiklərini önə çəkdi. Onun sözlərinə görə Iran rejimi uzun müddət Azərbaycan türklərini basqılar və repressiyalara məruz qoyub. Lakin son zamanlar repressiya dalğası daha kəskin xarakter alıb. “Təbii ki, İran rejimi hal-hazırda özünü böyük təhlükədə görərək, Azərbaycan türklərindən qorxaraq, bu repressiyalara başlayıb. Təzyiqlərin məqsədi bu repressiyaları artırmaqdır,” deyə cənab Qaradağlı bildirdi. O, əlavə etdi ki, milli hərəkat daxilində böyük səviyyədə birləşmə və təşkilatlanma cərəyan edir.
Sayman Aruz 2006-cı ildən bəri milli hərəkatın daha yetkin və müasir mərhələyə daxil olduğuna diqqət çəkdi. Onun sözlərinə görə Azərbaycan türkləri uzun müddət İranda bir neçə inqilaba təkan veriblər və həmin ölkənin siyasi həyatında mühüm rol oynayırlar. Lakin indiyədək xalq daxilində bu növ təşkilatlanma qeydə alınmamışdı. Cənab Aruz təəssüflə Yaşıl hərəkatın İran azərbaycanlılarının mübarizəsindəki hədəfləri bölüşmədiyini bildirdi. Onun sözlərinə görə 2006-cı ildə İran Azərbaycanında mübarizə başlananda Yaşıl hərəkatın nümayəndələri bu mübarizəyə qarışmamışdılar. O, bildirdi ki, milli hərəkat öz hüquqlarını bərpa etmək yönümündə mətin mübarizə aparır və bu yolda müəyyən nailiyyətlər var. “Mən bu halları sevindirici hal kimi qiymətləndirirəm. Nə qədər çox onlardan basqı gəlsə bizdən ortaya bir o qədər güc qoyulacaq, ” deyə Aruz bildirdi.