Niderlandın Apellyasiya Məhkəməsi insan haqları qruplarının İsrailin Qəzza zolağına hücumu ilə bağlı narahatlıq doğuran iddiasına əsasən, bazar ertəsi hökumətin İsrailə "F-35" qırıcı təyyarə hissələrinin ixracını dayandırmasına göstəriş verib.
"F-35"in ixrac edilən hissələrinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında istifadə edilməsi riskinin açıq-aşkar olduğunu inkar etmək olmaz" - deyə, məhkəmə bildirib.
İsrail HƏMAS-ın oktyabr ayında İsraildə 1200 insanın ölümünə səbəb olan hücumundan sonra bu silahlı qruplaşmaya qarşı hərbi əməliyyatlara başladığı Qəzzada müharibə cinayətləri törətdiyini inkar edir. Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab tədbirləri nəticəsində 28,300-dən çox fələstinli ölüb.
Niderland məhkəməsi bildirib ki, hökumət 7 gün ərzində qərara əməl etməlidir.
Qərarla bağlı şikayət edilə bilər.
Niderland bir çox ölkəyə ixrac edilən ABŞ-a məxsus F-35 təyyarələrinin hissələrinin olduğu anbara ev sahibliyi edir.