Azərbaycan prezidenti dünya azərbaycanlılarına müraciət edib

Azərbaycan prezidenti İlham Əliyev

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, tarixi vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil edir
Azərbaycan prezidenti İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət imzalayıb.

Sənəddə deyilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil edir.

“Soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması təqdirəlayiqdir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, Moskva, Hyuston, Paris və Türkiyənin Kocaeli şəhərində artıq fəaliyyətə başlamış, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri diasporumuzun imkanlarını xeyli artıracaq”.

Prezident bildirir ki, müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir.

“Hər bir azərbaycanlı vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm”, dövlət başçısı qeyd edir.