Qaradağ Rayon Məhkəməsində İsmayıl Xəlilovun sədrliyi ilə həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı yeni ittiham üzrə şahidlərin çıxışları davam edib.
Məhkəmə prosesini ABŞ, Norveç səfirlikləri və ATƏT-in nümayəndələri izləyir.
İstintaq materiallarına əsasən, dekabrın 29-da cəzaçəkmə müəssisəsində “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və onun paltarından 0,22 qram heroin tapılıb. Jurnalist isə narkotik maddənin onun üzərinə qoyulduğunu bildirib.
Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Xocalı faciəsi haqqında böhtanda ittiham olunaraq, 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra, cənab Fətullayevə qarşı yeni ittiham irəli sürülüb. O Cinayət Məcəlləsinin terrorla hədələmə, xidməti vəzifəsindən istifadə edərək milli, irqi və dini ədavətin qızışdırılması, vergidən yayınma maddələri günahlı bilinib. 2007-ci il oktyabrın 30-da jurnalist bu üç maddə ilə təqsirli bilinərək Ağır Cinayət İşləri üzrə Məhkəmə tərəfindən 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin barəsində çıxarılmış hökmləri əsassız sayıb və onun dərhal azadlığa buraxılmasını tələb edib. Azərbaycan hakimiyyəti hələ jurnalisti azadlığa buraxmayıb və Strasburq məhkəməsinin Böyük Palatasına appelyasiya verib.
Dünən Avropa Şurasının Baş katibi Turbyörn Yaqlandın Britaniyanın “Guardian” qəzetində dərc edilən məqaləsində bildirib ki, Avropa söz azadlığını müdafiə etməlidir. “Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd ediriksə, hər kəs demokratiyamızın bu mühüm hüquqdan asılı olduğunu yada salmalıdır. Həbsdə olan redaktor Eynulla Fətullayevin taleyi ciddi narahatlıq doğurur. O, artıq üç ildir ki, Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülmüş şübhəli ittihamlar əsasında həbsxanadadır. Avropa İnsan Hüquqları Məhkəməsi ötən ay onun dərhal azadlığa buraxılması barədə qərar qəbul edib”.
“Dünya Mətbuat Azadlığı Komitəsi” isə jurnalistin tez bir zamanda azadlığa buraxılması çağırışı ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
“Biz Sizi və hökumətinizi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əməl etməyə və Eynulla Fətullayevi dərhal azad etməyə çağırırıq”, - deyə Komitənin rəhbəri Richard Winfieldin müraciətində bildirir.