BMT-nin təhlükəsizlik komandası Suriyanın Duma şəhərində kimyəvi silahlardan istifadə edilən ərazidə araşdırma apararkən atəşə məruz qalıb.
Komanda üzvləri xəsarət almayıb və təcili şəkildə Dəməşqə qayıdıb.
Kimyəvi silahlara nəzarət müfəttişləri Dumaya yenidən qayıtmalıdır.
Beynəlxalq Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Suriyaya şənbə günü ABŞ, Britaniya və Fransanın kimyəvi silah obyektlərinə raket zərbələri endirməsindən bir gün sonra gedib.
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, hücumdan keçən 10 gün gecikmədən sonra “Rusiya və Suriya ordularının bütünlüklə nəzarətində olan obyektdə sübutlar və mühüm elementlərin yoxa çıxması ehtimalı olduqca yüksəkdir”.
ABŞ-ın kimyəvi silahlara nəzarət edən təşkilatda səfiri Ken Vard rusların artıq obyektdə olduğunu və “orada saxtalaşdırmaya yol verə bildiklərini” iddia edib. Moskva bu iddiaları rədd edib.