DSK-larda bitərəflər 'kimin adamlarıdır'

Avqustun 19-da Azərbaycanda 125 dairə seçki komissiyasının (DSK) tərkibinin yenidən formalaşdırılması təsdiqlənib. Seçki qanunvericiliyinə əsasən, seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Bütün komissiyaların üzvlərinin üçdə biri hakim partiyanı, üçdə biri parlamentdəki azlıqda qalan partiyaları, qalan üçdə biri isə parlamentdəki bitərəfləri təmsil edir.

DSK-larda bitərəf üzvlər necə seçilir? Bəzi ekspertlər və müxalifətçilər iddia edirlər ki, onların seçilməsində əsas söz sahibləri icra orqanları və komissiya rəhbərliyidir. Belə iddialarda həqiqət payı varmı?

Mərkəzi Seçki Komissiyasından (MSK) "Turan"a bildirilib ki, aprelin 27-də MSK yeni tərkibdə formalaşdırılıb: "Dairə seçki komissiyaları da yenidən təşkil edildi".

"...Razılaşdırılaraq irəli sürülür"

Qurumdan qeyd olunub ki, Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, DSK-lar doqquz üzvdən ibarət olmalıdır: "Onun üç üzvünün namizədliyi Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri, üç üzvünün namizədliyini də deputatları Milli Məclisdə azlıqda qalan siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur".

Bitərəflərə gəlincə, MSK-dan bildirilib ki, qalan üç üzvün namizədliyini də heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını onlarda təmsil edən komissiya üzvləri verirlər: "Hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə Milli Məclisdə azlıqda olan siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür".

"Bitərəf deputatların iradəsi ilə..."

Milli Məclisin deputatı, parlamentdə azlıqda olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da agentliyə deyib ki, bitərəf deputatlar həm Mərkəzi Seçki Komissiyasına, həm də dairə seçki komissiyalarına nümayəndələrini təqdim edir: "Yəni, konkret olaraq bitərəf deputatların iradəsi ilə namizədlər təqdim olunur və MSK tərəfindən də DSK üzvü kimi təsdiq olunur".

Fazil Mustafa


Deputatın fikrincə, daha mükəmməl sistem qurmaq olar: "İndiki qayda bitərəflərin təmsilçiliyinə müəyyən dərəcədə institusional baxımından çətinliklər yaradır. Amma qanun belə qəbul olunub. 20 il qüvvədədirsə, bu, ancaq qanunun dəyişməsi nəticəsində dəyişə bilər. Qanun dəyişməyibsə, deməli, bununla da hərəkət etmək lazımdır".

"Ancaq hökumət bu formatı qəbul etmir"

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, habelə Avropa Şurası Parlament Assambleyası hazırkı formatı bir sıra rəsmi sənədlərdə optimal olmayan variant kimi qiymətləndirir: "Seçki təcrübəsi də göstərir ki, mövcud format dəyişməlidir. Beynəlxalq təşkilatların arzu və istəyi bütün seçki komissiyalarının siyasi qüvvələrin balanslı təmsilçiliyi ilə qurulmasıdır. Ancaq hökumət bu formatı qəbul etmir".

Hafiz Həsənov

Hafiz Həsənov qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda müxtəlif illərdə keçirilən seçkilərdə hüquq pozuntularını tanıyan qərarları var: "Pozuntuların tanındığı dairələr üzrə nəticələri təsdiq etmiş şəxslərin indi də komissiyalarda təmsilçiliyi nə qədər hüquqidir?".

Onun fikrincə, beynəlxalq təşkilatların qatılması şərti ilə ictimai müzakirələr, hökumətin iştirakı ilə debatlar, dialoqlar təşkil olunmalı, seçki komissiyalarının mütləq əksəriyyətin qəbul edəcəyi formatı tapılmalıdır.

Yazıda səslənən fikirlərlə bağlı icra hakimiyyəti orqanlarının rəhbərlərindən münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl Prezident Administrasiyası rəsmiləri bəyan ediblər ki, icra hakimiyyətləri seçki prosesinə müdaxilə etmir, yalnız onun texniki hazırlıq məsələlərinə dəstək verirlər.

Bir sıra müxalifət partiyaları isə bütün səviyyələrdə seçki komissiyalarına etimad göstərmədiklərini açıqlayıblar.