Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi aprelin 8-də döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.
Açıqlamaya görə, BQXK-nın neytral vasitəçiliyi ilə münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçiriblər. Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.
Döyüş meydanından neçə meyitin götürülməsinə gəlincə, Azərbaycanın Lent.az saytına komitədən bildiriblər ki, bu barədə məlumat verə bilməzlər. Onlar bunu neytral vasitəçilər olduqları, əməliyyatı keçirən tərəf olmadıqları ilə izah ediblər.
Eyni zamanda RIANovosti erməni mənbələrinə istinadən qeyd edib ki, aprelin 8-də Qarabağda cəbhə xəttində həlak olanların axtarışı zamanı saat 15:00-20:00 arasında iki erməni və altı azərbaycanlı hərbçinin cəsədi tapılıb.
Tərəflər atəşin dayandırılması barədə xüsusi razılaşma əldə ediblər və Qırmızı Xaç nümayəndələrinin iştirakı ilə həlak olanların axtarışına başlayıblar.
Erməni mənbələrin məlumatına görə, azərbaycanlı hərbçilərin cəsədləri Talış kəndi ərazisində yığılıb. Sonradan Qırmızı Xaç nümayəndələrinə daha bir cəsəd verilib.
Ermənistan tərəfi özünün 21 hərbçisinin itkin düşdüyünü bildirib və onların əsir düşdüyünü güman edirlər. Lakin Azərbaycan Müdafiə Nazirliyi erməni hərbi əsirin olmadığını bildirib.
Aprelin 1-dən başlayaraq cəbhədə atəşkəs ardıcıl pozulmağa başlayıb. Döyüşlərdə hər iki tərəf itkilər verib. Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edib.