ABŞ Ərdoğan tərəfdarları və etirazçılar arasında toqquşma ilə bağlı narahatlığını bildirib

ABŞ Dövlət Departamenti Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarları və Türkiyə səfirliyinin qarşısında toplaşmış etirazçılar arasında toqquşma ilə bağlı narahatlığını ifadə edib.

“Zorakılıq heç vaxt söz azadlığına düzgün cavab deyil və biz hər yerdə insanların ifadə azadlığı və dinc etiraz etmək hüququnu dəstəkləyirik. Biz öz narahatlıqlarımızı ən cidd şəkildə Türkiyə hökumətinə çatdırmışıq”, Dövlət Departamentinin sözçüsü Hider Nauer açıqladğı bəyanatda bildirib.

Ərdoğanın mühafizəçiləri Türkiyə liderinin prezident Donald Trampla Ağ Evdə görüşdüyü gün baş vermis davada iştirak ediblər. İki nəfər həbs edilib, doqquz nəfər isə dava zamanı yaralanıb.

Vaşinqton polisi açıqladığı bəyanatda Türkiyə səfirliyi qarşısında baş vermis insidentin ABŞ konstitusiyasına birinci düzəlişlə təsbit olunan hüquqlar və prinsiplərə zidd olduğunu bildirib. “Biz Birləşmiş Ştatların Dövlət Departamenti və Birləşmiş Ştatların Gizli Xidmət idarəsində tərəfdaşlarımızla davada iştirak edənlərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün bir işi davam etdirəcəyik”, polisin bəyanatında deyilir.

Amerikanın Səsinin Türk xidmətinin verdiyi məlumata görə, hadisə yerindəki etirazçılar kürd tərəfdarı qanunverici Səlahəddin Demirtaşın azad edilməsinə çağıran kürdlər olub.

Polis toqquşan qrupları ayırmaq üçün barrikada yaradıb.

Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç hadisə yerinə gəlib və polis zabitilərinin birinin üstünə çığırıb.

Buna oxşar insident keçən il Ərdoğanın nüvə sammitində iştirak etmək üçün Vaşinqtona səfəri zamanı baş vermişdir.

Respublikaçı senator Ben Sasse Tvitter səhifəsində mesajında yazıb ki, Ərdoğan “yadda saxlamalıdır ki, bu söz azadlığı, din azadlığı, mətbuat azadlığı və etiraz etmək azadlığı” prinsipləri üzərində qurulub.