AZƏRBAYCANDA DURUM
"Azərbaycanda hökumət ədliyyə sistemindən dinc fikir ayrılıqlarını cəzalandırmaq üçün istifadə edir. Bu sıraya arbitrar həbslər, saxlanmalar, siyasi motivli hökmlər, hüquqi prosesin yoxluğu və uzunmüddətli məhkəmə öncəsi saxlanmalar daxildir." Bu fikir ABŞ Dövlət Departamentinin 2014-cü il üzrə Azərbaycanda insan haqlarına dair hesabatında yer alır.
Hesabatda Azərbaycanda insan haqları ilə bağlı çox sayda problemlər sadalanır. Başlıca problemlər olaraq hökumətin siyasi azadlıqlara qoyduğu məhdudiyyətlər, arbitrar həbslər, müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar vurğulanır.
Dövlət Departamenti Azərbaycanda qanunsuz həbslər və saxlamaların, eləcə də siyasi motivli həbslərin və “hökumət rəsmilərinin təhlükə kimi gördüyü şəxslərə” qarşı uzunmüddətli həbs qətimkan tədbirlərinin sayının artdığını qeyd edir.
İnsan haqları hesabatı eləcə də “orduda fiziki zorakılıq; həbsxanalarda işgəncə və ya digər sui-istifadə halları; həyata təhlükə yaradan həbsxana şəraitini” Azərbaycanda ciddi insan haqları pozuntuları kimi sadalayır.
Son bir ildə ölkədəki başlıca insan haqları pozuntularına yer verən hesabatda deyilir ki, fəallar və Qeyri-Hökumət Təşkilatı üçün faəliyyət məkanını daraltmaq üçün təzyiqləri artıran Azərbaycan rəsmiləri yeni qanunlar hazırlayıb və başqa ölçülər götürüb.
Hesabata görə, hökumətin oktyabr ayında insan haqları üzrə işçi qrupun fəaliyyəti bərpa etməsinə baxmayaraq, bir sıra yerli və beynəlxalq QHT-lər hesabatlarına görə, ölkədə presedenti olmayan basqılar davam edir.
Hüquq pozuntuların diqqət yetirən hesabatda Amerikanın Səsinin Bakı müxbiri Tapdıq Fərhadoğluna hücum da yer alır. 2014-cü ilin fevralında Bakı Dövlət Universitetində təhlükəsizlik rəsmisinin hücumuna məruz qalan Tapdıq Fərhadoğlu geniş tibbi müalicədən keçib, deyə hesabatda bildirilir. 29 dekabrda Bakı appelyasiya məhkəməsi cənab Fərhadoğlunun şikayətini rədd edib. Bundan əvvəl məhkəmənin aşağı instansiyası şahidlərin çatışmazlığı üzündən cinayət işinə baxmaqdan imtina etmişdi.
2013-cü il prezident və 2010-cu il parlament seçkilərinin ATƏT-in bir neçə basilica demokratik seçki standartlarına cavab vermədiyi deyilən hesabatın əsas xülasə hissəsində Dağlıq Qarabağ münaqişəsinə də yer verilib.
“Ermənistanı dəstəkləyən separatçılar Dağlıq Qarabağ və Azərbaycanın digər 7 bölgəsinə nəzarəti davam etdirib. BMT Qaçqınlar Komitəsinə görə, əsasən Dağlıq Qarabağ münaqişəsi səbəbilə ölkədə 622 min 892 evlərindən didərgin düşmüş insan var” – deyə yazılan hesabatda ötən il ərzində münaqişə zəminində zorakılıqların artdığı da bildirilir. Belə ki, ötən ilin iyul və avqust aylarında 1994-cü ildə atəşkəs razılığı əldə olunandan bəri ən çox tələfata səbəb olan zorakılıq baş verib. Hesabatda habelə bildirilir ki, rəsmilərin təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarəti davam etməkdədir.
CON KERRİ
"Bu hesabatın məğzi ondan ibarətdir ki, o ölkələrdə ki, vətəndaşlar hüquq və azadlıqlardan bəhrələnirlər, həmin ölkələr firavan olur. Bu reallıq bizim öz ölkəmizdə və dünyanın bir çox başqa ölkələrində özünü büruzə verir," deyə ABş Dövlət katibi Con Kerri keçirdiyi mətbuat konfransında bildirib.
Həqiqəti gizlətmək, əymək, və ya məğlub etmək olmaz. Həqiqət dəyişilə bilər. Həqiqət sonda qalib gəlir.Con Kerri, ABŞ Dövlət Katibi
Cənab Kerri bu tapıntılardan qəzəblənən liderlərə hesabatı diqqətlə oxumağı və öz ölkələrində baş verənlərlə yaxından tanış olmağıvə nəticə çıxarmağı tövsiyə edib.
"Bu, həm də bizim özümüzə verdiyimiz məsləhətdir. Biz özümümü başqalarından ayırmırıq. Burada təkəbbür yoxdur," deyə o, insan haqlarının universal xarakater daşıdığını vurğulayıb.
ABŞ Dövlət Katibi qeyd edib ki, ötən ilin ən diqqətçəkən tendensiyası İslam Dövləti militantlarının Suriya və İraqda etnik azlıqlara qarşı qəddarlığıdır. Həmin azlıqlar İD-nin esktremist baxışlarına uyğun gəlmədikləri üçün qəddarlığa məruz qalıblar.
RUSİYA VƏ İRAN
Rusiya hökuməti təkcə ölkə daxilindəki pozuntulara görə deyil, Ukraynanın Krım vilayətini anneksiya etməsinə, Ukraynanın şərqində rusiyapərəsət separatçıları dəstəkləməsinə görə də kəskin tənqid olunub. Hesabatda Rusiyanın siyasi sisteminin “getdikcə avtoritarlaşdığı”, “ölkə daxilində narazıların boğulması üçün yeni tədbirlərə əl atıldığı” qeyd olunur.
Hesabatda deyilir ki, Rusiya qüvvələri və rusiyapərəst separatçılar Ukraynanın şərqində “digər saysız insan haqları pozuntuları” törədiblər.
Dövlət Departamenti İranı sərbəst toplaşma, ifadə, din və mətbuat azadlığını sərt şəkildə məhdudlaşdırmasına görə tənqid edir. Sənəddə o da qeyd olunur ki, İran dünyada edamlara görə ikinci yeri tutur.
AVTORİTAR ÖLKƏLƏR
Əfqanıstanda ən ciddi problem islamçı yaraqlıların dinc sakinlərə hücumudur. Əfqan təhlükəsizlik qüvvələri də çoxsaylı insan haqları pozuntularına yol verməkdədir. Saxlanan şəxslərə işgəncə verilməsi, qadınlara və qızlara qarşı diskriminasiya ciddi pozuntular sırasındadır.
Tacikistan “avtoritar ölkə” kimi təsvir olunur, belə ki, vətəndaşları hökuməti “azad və ədalətli seçkilər” yoluyla dəyişə bilmirlər.
Bosniya-Herzeqovinada “ən ciddi problemlər” sırasında hökumət korrupsiyasının olduğu vurğulanır.
Belarus da “rəsmiləri tənqid etdiyinə, nümayişlərdə iştirakına və digər siyasi səbəblərə görə vətəndaşların qanunsuz həbs olunduğu avtoritar ölkə” adlandırılır.
“2014-cü ildə Belarusda hökumətin bütün qanadlarında korrupsiya problem olaraq qalıb.”