Dorian qasırğası Baham adalarının sakinlərinə ikinci "cəhənnəm gecəsi" yaşadıb. Mərkəzi Böyük Baham adasının şimal sahillərində tərpənmədən dayanan qasırğa bölgədə fırtınalar, güclü yağışlar və dağqınlarla müşayiət olunub.
Bazar günü gecə saatlarına qədər adada dayanan Dorian nəhayət yenidən bazar ertəsi hərəkət etməyə başlayıb. Sinoptiklər qasırğanın çərşənbə axşamı gün ərzində adadan uzaqlaşaraq, ABŞ-ın Florida ştatına doğru irəliləyəcəyini gözləyir.
"Baham adalarının şimalındakı bəzi bölgələrdə tarixi bir faciə yaşayırıq” - deyə, baş nazir Hubert Minnis bildirib. "İndi bizim missiyamız və diqqətimiz axtarış, xilasetmə və bərpa işlərinə yönəlməlidir”, o əlavə edib.
Bazar ertəsi bir mətbuat konfransında baş nazir jurnalistlərə Dorian qasırğasının Böyük Bahamaya keçməzdən əvvəl Abako adasını təsirinə məruz qoyduğunu və adada beş ölüm hadisəsinin olduğunu bildirib. Minnis Abakodan alınan ilkin məlumatlara görə, "indiyədək görünməmiş və çox geniş" dağıntıların olduğunu deyib.
Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi qasırğanın gücünün zəiflədiyini, lakin çərşənbə axşamı səhər hələ də saatda 195 kilometr sürətlə əsən küləklərlə müşayiət olan son dərəcə güclü bir fırtına olaraq qaldığını bildirib.
Sinoptiklər Dorian qasırğasının çərşənbə axşamı "çox təhlükəli şəkildə" Floridanın şərq sahillərinə, çərşənbə günü və cümə axşamı isə Corciya və Cənubi Karolina ştatlarının sahillərinə yaxınlaşacağını gözləyir.