ABŞ-da keçirilmiş son rəy sorğuları daşınmaz əmlak maqnatı, milyardçı Donald Trampın 2016-cı il prezident seçkilərində Respublikaçılar partiyasından nominasiya almaq uğrunda mübarizə aparan namizədlər arasında öndə getdiyini göstərir.
The Washington Post qəzeti və ABC News tele şirkətinin bazar günü açıqladığı sorğunun nəticələrinə əsasən, Donald Tramp 14 respublikaçı nazmizəd arasında seçicilərin ən çox dəstəyini qazanıb. Onu seçicilərin 32 faizi dəstəkləyir. Donald Tramp ABŞ-da qanuni sənədləri olmadan yaşayan 11 milyon mühacirin ölkədən deportasiya edilməsi planı ilə çıxış edir. Parisdə son terror aksiyalarından sonra isə o, ABŞ-da yaşayan müsəlmanların qeydiyyatdan keçirilməsini istədiyini bildirib.
Donald Tramp siyasətə yeni gəlmiş daha bir respublikaçı namizəd-keçmiş neyro-cərrah Ben Karsonu üstələməyə davam edir. Karson respublikaçı seçicilər və Respublikaçılar partiyasına meylli olan seçicilər arasında 22 faiz dəstəyə malikdir. Son bir neçə gün aparılmış sorğu göstərir ki, Florida senatoru
Marko Rubio 11 faizlə üçünü, Texas senatoru Ted Kruz 8 faizlə dördüncü yerdədir. ABŞ-ın iki prezidentindən birinin qardaşı, birinin isə oğlu olan Florida ştatının keçmiş qubernatoru Ceb Buş isə seçicilərin 6 faiz dəstəyini alaraq, respublikaçı namizədlər arasında beşinci yerdə gəlir.