İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, manata qarşı psixoloji təzyiqlər yüksələn xətlə davam edəcək.
Onun Facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:
Hazırda ən çox verilən suallardan biri manatın dəyərinin dollara nəzərən sabitləşməsidir. Son günlərədək davamlı şəkildə və daha kəskin formada ucuzlaşan manat hazırkı məzənnəsi ilə biznes icmasının və istehlakçıların bu istiqamətdə gözləntilərini doğrultmadı.
Nə baş verir? Manat nədən yenə ucuzlaşır? Sizə təqdim olunan yazıda bu sualları cavablandırmağa çalışacam.
Əvvəla qeyd edim ki, manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin ucuzlaşmasını şərtləndirən amillər fəaldir. Onların qısa müddətli təsir imkanları böyük ehtimalla manatı daha da ucuzlaşdıracaq. Yeni ilə qədər olan müddətdə fəal olacaq aşağıdakı amillərə diqqəti cəlb etmək istərdim.
Birincisi, “Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə görə, fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətlərin 62%-i və ya 285 milyonu manatı dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə manatladır.
Bununla yanaşı, eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu o deməkdir, bankdan əmanətini manatla alanların sayı, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollar tələbatı qaldıracaq.
İkincisi, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.
Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam edəcəksə Dövlət Neft Fondunun bazara valyuta çıxaracağının azalacağı gözlənilir. Bu isə valyuta təklifinini aşağı salınmasına ciddi təsir göstərəcək digər başqa amilləri gücləndirəcək.
Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmində artım bazarda xüsusilə də dollara olan tələbatı artıracaq.
Nəhayət, ABŞ FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının artması da manata olan psixoloji təzyiqləri yüksəldəcək.