Elman Rüstəmov: Dollarlaşma prosesi davam edir

Dollar

"Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir". APA agentliyinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır", o bildirib.

E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti "50 dollara hesablanacaq".

Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri bildirib ki, peşəkar şəxslər manatın korreksiyasının zəruriliyini başa düşürdülər.

“Bu, əslində manatın devalvasiyası yox, Azərbaycan neftinin devalvasiyası idi. Çünki, vaxt var idi Azərbaycan nefti 140 dollara satılırdı, indi isə onun qiyməti 3 dəfə aşağı düşüb. Mərkəzi Bankın da ödəmə balansı var. Bununla bağlı mütləq məsuliyyətli qərar qəbul etmək lazım idi",Rüstəmov qeyd edib.

Baş bankir əlavə edib ki, manatın məzənnəsinin korreksiyası əsasən daxili bazarın qorunmasına, digər tərəfdən xaricə ixracın stimullaşdırılmasına hesablanıb.

Onun sözlərinə görə, Mərkəzi Bank ölkədəki makroiqtisadi vəziyyəti və əsas ticarət tərəfdaşlarının öz mili valyutalarını devalvasiya edib-etmədiklərini izləyir.

“Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil. Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir”.

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır.

"Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik".

E. Rüstəmov Mərkəzi Bank tərəfindən valyuta bazarında 1 milyard dollar satış həyata keçirməsini dollarlaşma prosesinin hələ də davam etməsi prosesi ilə əlaqələndirib.

"Aprel-may aylarında da dollarlaşma prosesi gedəcək. Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik. Bizim kifayət qədər valyuta ehtiyatımız var və əmanətlərin dollara çevrilməsində heç bir problem yaranmayacaq. Ona görə də valyuta bazarında bu satış edilir. Bunun bir hissəsi əhalinin tələbatlarına yönəldilib, digər hissəsi isə dövlətin ehtiyacı ilə əlaqədar sərf olunub", o qeyd edib.

Mərkəzi Bankın sədri deyib ki, Azərbaycan əhalisi banklardan götürülən kredit müqaviləsində hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır.

E. Rüstəmov bildirib ki, bununla yanaşı Mərkəzi Bank kommersiya banklarına tövsiyələr də edib ki, banklar öz kreditlərini restrukturizasiya etsinlər və vaxtını uzatsınlar.

“Əgər banklar bu addımları atmasalar, onda problemli kreditlərin həcmi arta bilər. Buna görə, banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm. Bu gün banklar 15-20%-lə kredit verirlər. Burada kifayət qədər gəlirlik var".

O banklara faiz dərəcələrini aşağı salmağı da tövsiyə edib.

"Bu, bankların özlərinə sərf edəcək və bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq".

Millət vəkillərinin suallarına cavab verərkən E. Rüstəmov bildirib ki, manatla götürülən krediti dollara çevirən banklarla bağlı əhali Mərkəzi Banka şikayət ünvanlaya bilər.

"Mərkəzi Bank bu kommersiya bankları haqqında çox ciddi ölçü götürəcək. Bu çox ciddi qanun pozuntusudur. Əgər bank krediti manatla verib, sonradan müştərinin razılığı olmadan dollara çeviribsə, bu məlumatları bizə təqdim edin, biz bu banklar haqqında çox ciddi tədbirlər görəcəyik", baş bankir qeyd edib.