Dollar qıtlığı davam edir

Yanvarın 12-də Azərbaycan Mərkəzi Bankında dolların satış məzənnəsi 0,043 bənd qalxaraq 1,5685 manata çatıb. Avronun məzənnəsi 1,7069 manat təşkil edib.

Bankların valyuta aldığı bildirilsə də nə banklarda, nə də valyutadəyişmə məntəqələrində dollar satışı demək olar ki həyata keçirilmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.

Xarici valyuta üzrə yalnız nağdsız əməliyyatlar həyata keçirilir.

Bir sıra yerli media orqanları yeni devalvasiyanın olacağını bildirir. “Qara bazar”da hazırda 1 dollar 2-2,2 manata satılır. “Qara bazar”da da qıtlıqdır. Belə ki, ciddi nəzarət olduğundan işbazlar açıqda satış etmir.

Bəzi müşahidəçilər hesab edir ki, neftin qiyməti endikcə dollar və avro qıtlığı daha da artacaq və yeni devalvasiya qaçılmaz olacaq. Müşahidəçilər 1 dolların “qara bazar”da olduğu kimi 2-2.2 manata satılacağını güman edir.