Şimali Koreyadan Cənuba qaçan əsgər arxadan güllələnib

Şimali Koreyadan Cənuba qaçmağa cəhd edən əsgər dörd digər əsgər yoldaşı tərəfindən 40 dəfə güllə atəşinə tutulub. 5 güllə yarası alan əsgəri Cənubi Koreya əsgərləri sərhəd zonasından çıxararaq xəstəxanaya yerləşdiriblər. 5 saat davam edən cərrahiyyə əməliyyatından sonra onun sağlıq durumu qeyri-müəyyən qalır.

Əsgərin kimliyi və kommunist ölkədən niyə qaçdığı haqda məlumat verilməyib.

Cənubi Koreya ordusu əsgərin daxili orqanlarının zədələndiyini bildirsə də, həyati təhlükəsi olmadığını bəyan edib.

Seul yaxınlığındakı tibb mərkəzinin bildirdiyinə görə, güllələr bədənindən çıxarıldıqdan sonra əsgər süni nəfəs maşınına birləşdirilib.

Sərhəd xəttinə doğru qaçmağa başlayan əsgər onu dayandırmağa çalışan yoldaşları tərəfindən atəşə tutulub.

Cərrahiyyə əməliyyatına rəhbərlik edən həkim Li Kinq Conq xəstənin vəziyyətinin ağır olduğunu və gələn 10 günün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Bazar ertəsi günorta saat 3 radələrində Şimali Koreya uniforması geymiş əsgər hərbi maşınla yola çıxıb. Maşının təkəri xəndəyə düşdükdən sonra o, maşından çıxıb. Bundan sonra sərhədin o tayına doğru qaçmağa başlayan əsgər onu dayandırmağa çalışan yoldaşları tərəfindən atəşə tutulub.

Seuldan 55 km şimalda yerləşən Koreyaları ayıran Demilitarizasiya Zonası (DMZ) dünyanın ən çox hərbi texnika cəmləşdiyi məkanlardan biri sayılır.

Cənub ərazisində yerə tökülmüş yarpaqlar altından çıxarılan əsgər vertolyotla təcili xəstəxanaya çatdırılıb.

Şimali Koreya bir qayda olaraq vətəndaşlara ölkədən icazəsiz çıxmağı qadağan edir və bu addımı atanları sərt şəkildə cəzalandırır.

Sərhəd zonasında qaçış nadir olay sayılır. Sonuncu dəfə Şimali Koreya əsgəri tərəfindən belə bir cəhd 2007-ci ildə, ondan öncə isə 1998-ci ildə baş vermişdi.